Novruz bayramında bu şəxslərə əfv gözlənilir
Bölmə: Sosial › ,Tarix: 22:58 28.02.2024
Hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin Rəhbəri Səadət Bənənyarlı bildirib ki, Novruz bayramında əfv fərmanın verilməsini gözləyirik. O qeyd edib ki, Əfv komissiyası müraciətlərə baxır.
Komissiya həmişə işləyir, ərazilərə, müraciətlərə baxılır.
"Müraciətlər çoxdur. Əlbəttə, yaxşı olardı ki Novruz bayramı ərəfəsində Əfv fərmanı imzalansın. Bilirsiz ki, Əfv fərmanının imzalanması Prezidentin müstəsna səlahiyyətidir. Ümid edirik ki, bayram ərəfəsində əfv olacaq. Neçə-neçə ailənin gözü yoldadır. Bu il Əfv fərmanının imzalanması həm də tarixi əhəmiyyət daşıyacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra imzalanan ilk Əfv fərmanı ola bilər. İstərdik ki, bu Əfv fərmanı həm də ən böyük əfv fərmanı olsun".
Bu kimi hallarda hansı məhbuslara əfv verilir ?
Əfv fərmanı verilmiş məhbuslara azadlığa çıxdıqdan sonra da nəzarət edilirmi?
Mövzuyla bağlı hüquqşünas Babək Həmidov "İnformator.az"a verdiyi açıqlamada bildirir ki, Qanunvericilikdə əfv etmənin xüsusi ayı, həftəsi nəzərdə tutulmur. Əksər hallarda Yeni il, Novruz bayramı kimi əlamətdar günlərdə həyata keçirilir:
"Azərbaycan Respublikasında əfv etmə səlahiyyəti yalnız Azərbaycan Respublikasının prezidentinə və onun yanında fəaliyyət göstərən əfv komissiyasına aiddir. Bunun amnistiyadan fərqi ondan ibarətdir ki, amnistiya cinayət məcəlləsinin yaxud inzibati xətalar məcəlləsinin konkret maddələri üzrə həyata keçirilir. Əfv etmə isə bir başa olaraq ad, soyad və ata adı göstərilməklə həyata keçirilir. Əfv etmənin əsas göstəricisi budur ki, şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilir. Bu proses şəxsin məhkumluğunun götürülməsi və məhkumluğu saxlanıldığı halda da ola bilər".
Babək Həmidov bildirir ki, əfv etmədən sonra şəxsə dövlət xüsusi nəzarət həyata keçirmir, sadəcə onun məhkumluğu olduğu dövrdə əlavə cinayət törədərsə, bu cinayətin residibini yarada bilər.
"Qanunvericilik əfv etmənin konkret hansı günlərdə, hansı aylarda keçirilməsi ilə bağlı hər hansı bir tənzimləmə etmir. Lakin əfv etmə əksər hallarda bayram ərəflərində həyata keçirilir. Nəticə etibarilə bu yaxınlarda əfv gözlənilirsə, bu Novruz bayramına, Ulu Öndərimizin doğum gününə və müəyyən əlamətdar günlərə təsadüf edə bilər".
Azər Abuşov