Azərbaycanda içməli su problemi: -Səbəb nədən qaynaqlanır?

Bölmə: Sosial › ,
Tarix: 11:03 29.02.2024

Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1.2% ) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakteriloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.

 

Suyun keyfiyyətində problemlərin olmasının səbəbləri və bu problemlərin həll olunması mövzusunda su məsələləri üzrə ekspert Rövşən Abbasov "informator.az"a açıqlama verib. Ekspert qeyd edir ki, iri şəhərlərdə suyun keyfiyyətində problem olmasının səbəbi köhnə paylayıcı şəbəkələrin mövcud olmasıdır:

 

"Su ümumi su təmizləmə sistemlərində təmizləndikdən sonra şəhərə verilir və yenidən çirklənir. Bu çox ağır bir haldır. Ayrı-ayrı regionlarda da su mənbələrinin çirklənməsi halı müşahidə olunur.Bu sular heç bir təmizlənmədən keçmədən birbaşa əhali tərəfindən istifadə olunur. Ona görə vacibdir ki, suyun keyfiyyəti üzərində monitorinq sistemləri gücləndirilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu kimi çay ,hövzə təşkilatları yaradılmalıdır. Çay, hövzə təşkilatlarının yaradılmasının əsas səbəbi hər bir çay hövzəsi üzrə təşkilatlar olacaq və onlar çayların üzərində olan əsas çirkləndiriciləri müəyyən edəcəklər. Bu çirkləndiricilərin spesifik olaraq haradan necə gəldiyi haqqında məlumat bazası olacaq. Məlumat bazalarının yaradıldıqdan sonra suyun keyfiyyətinin sağlamlaşdırılması üçün müxtəlif addımlar atılacaq".

 

 

Zeynəb Mustafazadə