Afrikada Azərbaycan mədəniyyəti təqdim olundu

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:40 29.02.2024

Qərbi Afrika ölkəsi olan Qananın paytaxtı Akkrada keçirilən ənənəvi Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan mədəniyyətinin nümunələri də təqdim olunub.

 

 Dünyanın 40-dan çox ölkəsinin qatıldığı bu böyük tədbirdə ölkəmizi orda yaşayan yeganə Azərbaycanlı ailə - İsayevlər ailəsi təmsil edib. Fərqli mədəniyyətlərin bir araya gətirildiyi festivalda Azərbaycanlı ailə milli mətbəximizin ləziz təamlarını, Azərbaycan mədəniyyətini əks etdirən bir sıra aksesuarları iştirakçılara təqdim edib. Festivalda milli geyimlərimiz, musiqi alətlərimiz, Azərbaycanın tarixi və görməli yerləriniə aid müxtəlif fotoşəkillər, milli xalçaçılıq sənəti nümunələri sərgilənib. Ailənin xanımı Jalə Həsənovanın sözlərinə görə, yüksək səviyyədə keçən Beynəlxalq Mədəniyyət Festivalında təqdim etdikləri Azərbaycan plovu və şirniyyatı qonaqları xüsusilə valeh edib: “Akkrada yaşayan azərbaycanlı ailə olaraq vətənimizi kilomertlərcə uzaqda tanıtmaq, mədəniyyətimizi sevdirmək qürurvericidir”.

 

 

Artıq 18 ildir ki, Akkrada Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. Son 4 ildə Azərbaycan mədəniyyəti də tədbir iştirakçılarına təqdim olunur.