Su kimi...-Aydan Qasımova yazır...
Bölmə: Sosial › , Maraqlı › ,Tarix: 21:36 29.02.2024
-Su kimi ömrün olsun.
-Ölümmü yəni?
Ətrafdakı səslər çox zaman insanların əsəblərinə toxuna bilir. Elə səslər olur ki, insan dinləmək üçün saatlarını qurban verə bilər. Lakin elə səslər də var ki, sizə həyatı zindan edər.
Edilən bir araşdırmaya görə, su da insan kimi duyğulara reaksiya göstərə bilir, bir növ canlıdır. Reaksiyanı isə səsin titrəmələri əsasında biruzə verir. Siz ona "Səni sevirəm", "Yaxşı ki varsan", "Sənə sahib olduğum üçün özümü çox şanslı hiss edirəm" kimi şeylər desəniz, su da bir o qədər canlı olar. Bir o qədər həyat dolu, bir o qədər gözəl olar. Reaksiya demişkən, istifadə edilən borular suyun həyatı üçün təhlükəli ola bilir, çünki su bu borularda özünü sıxılmış hiss edir, bir növ ölür.
Tanış gəldimi suyun yaşadıqları? Özünüzü suyun yerinə qoydunuzmu? Necə də çox ortaq yönümüz var su ilə, elə deyilmi? İkimiz də zərərsiz sevgi görəndə sevinirik. İkimiz də neqativliklərlə "ağlayır", ikimiz də düşdüyümüz mühitə görə fərqlilik göstərə bilirik.
Suyu sıxan borular, bizim ürəyimizi sıxan isə qarşılaşdığımız problemlər olur. Bizi də bir varlıq kimi deyil də, bir məxluq kimi görənlər çox olur. Biz də anlayırıq duyğuları, biz də anlamağa çalışırıq. Bəlkə də buna görə deyirik, "Su kimi ömrün olsun". Doğrusu, hazırda insanoğlunun suyu gətirdiyi hala görə, bu ifadə belə bir qədər narahatlıq verir. Lakin bu da suyun günahı deyil. O nə edə bilər ki?
Suyun da gücü çatmır bəzən insanlığa, o da yaşatdığı varlığı hər hansı yolla məmnun edə bilmir.
Əgər insanlığı xilas etmək mümkündürsə, onları xilas edə biləcək tək şey elm deyil, həm də sevgidir.