Abituriyentlərin diqqətinə!-Ekspertdən imtahan hazırlığıyla bağlı məsləhətlər
Bölmə: Sosial › ,Tarix: 22:50 29.02.2024
"İmtahan vaxtlarına az qalıb, abituriyentlər bu mərhələdə yalnız psixoloji anlamda hazırlana bilərlər".
Bu sözləri təhsil eksperti Elmin Nurizadə "İnformator.az" a açıqlamasında qeyd edib.
Ekspert buraxılış imtahanlarına günlər qalarkən abituriyentlərə imtahanla bağlı məsləhətlər edib.
O düşünür ki, imtahan öncəsi psixoloji baxımdan hazırlıq uğurlu nəticənin 50%-ni təşkil edir.
"Bir çox şagirdlər imtahana günlər qalarkən fənlərlə bağlı informasiyalarla yaddaşlarını yüklədiklərinə görə imtahan prosesində müəyyən qədər əziyyət çəkirlər, çünki özünü informasiya xaosunda hiss etmək psixoloji hazırlıqsızdır. Abituriyent bu mərhələdə rahat olmalıdır, bu olmadıqda biz hansısa uğur gözləyə bilmərik.
Düzdür, bu imtahandır, müəyyən həyəcanı olacaq, yəni stressin, gərginliyin olmaması mümkün deyil. Amma bu, aradan qaldırılmalıdır və proses indidən, imtahana 1 həftə, 2-3 gün qalanda başlamalıdır".
Elmin Nurizadə deyir ki, artıq informasiya alış-verişi, hazırlıq prosesi azalmalıdır. Çünki bunun keyfiyyəti o qədər də çox olmayacaq, bunun əvəzinə, imtahana texniki, psixoloji cəhətdən hazırlanılmalıdır.
"İmtahana 3 gün qalarkən oxumağın heç bir mənası yoxdur, bu, abituriyenti daha da çətinliyə sala bilər".
Nəzrin Mirzəyeva