"Mobil telefonunu satmaq istəyənlərin şəxsi məlumatları oğurlana bilər"-Ekspertdən açıqlama
Bölmə: Sosial › ,Tarix: 11:15 01.03.2024
Mobil telefonunu satmaq istəyənlərin şəxsi məlumatları oğurlana bilər. Smartfonun yaddaşında şəxsi məlumatlar mövcud olduğu üçün onu satmaq və kiməsə hədiyyə etmək doğru hesab edilmir. Bir çox insanlar mobil telefonlarını satan zaman yaddaşını təmizləyir və şəxsi məlumatları silir. Ancaq onu da bilmək lazımdır ki, bu bilgilər xüsusi proqramlar vasitəsilə geri qaytarıla bilir.
Maraqlıdır ki, belə olan halda şəxsi məlumatlarımızı necə qoruya bilərik? Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev informator.az ilə fikirlərini bölüşüb.
Bəhruz Əliyevin fikirlərinə görə, Telefondakı məlumatlar formatlanmış və sıfırlanmış olsa da, lakin xüsusi proqramlar ilə telefonun yaddaşındakı məlumatları əldə edə bilərik.
"İkinci əl smartfonlarda olan şəxsi məlumatlarımız olduğu üçün satılması məqsədə uyğun deyil. Smartfonlar evdə işlətdiyimiz diş fırçaları qədər diqqət edəcəyimiz əşyalardır. Buna görə də smartfonlarımızı da başqaları ilə bölüşməyimiz düzgün deyil. Diş fırçalarını gigiyena cəhətindən digərlərinə vermədiyimiz kimi, smartfonları da kibergigiyenik avadanlığımız kimi digər insanlara verməməli və satmamalıyıq. Bəzi insanlar telefonları format edir ki, onun tərkibində heç bir məlumat saxlanmasın. Lakin xüsusi proqramlar vasitəsilə smartfonun yaddaşında olan şəkillər ilə gələcəkdə hər hansı bir şəxsi təzyiq və ya şantaj edə bilərlər".
Ekspert qeyd edir ki, telefondakı xüsusi məlumatların ələ keçmə ehtimalı çox yüksəkdir.
"Heç bir halda smartfonların kiməsə satılması və ya hədiyyə verilməsinin tərəfdarı deyiləm. Kompüterlərdə isə vəziyyət başqadır. Kompüterdəki yaddaş hissələrini çıxardaraq, özünüzdə saxlaya və ya təzə yaddaş aldığımız təqdirdə təqdim edə bilərsiniz. Lakin telefonlarda bu hal mövcud deyil. Çünki yaddaş birbaşa əsas karta inteqrasiya edilir və modul tipli olmur. Bu proses bahalı əməliyyat olmaqla bərabər, eyni zamanda, onun yaddaşını söküb smartfona zərər verə bilərik. Tövsiyə olunur ki, ikinci əl smartfonlar heç bir halda ailədən kənara çıxmasın. İstənilmədiyi təqdirdə ən yaxşı variant onun məhv edilməsidir. Bu formada biz şəxsi məlumatlarımızın kənara çıxmasından özümüzü qoruya bilərik".
Fatimə Mustafayeva