"Çox təəssüf edirəm ki..."-Ekoloqdan ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 17:56 01.03.2024
2040-cı ilə qədər adambaşına 8 kvadratmetr yaşıllaşdırma standartlarının təmin edilməsi planlaşdırılır. Bir çox ekoloqlar qeyd edirlər ki, şəhərdə çox ehtiyac duyulan ağacların böyüməsi ilə yanaşı, suvarma suyunun çatışmazlığı problemi daha da aktuallaşacaq. İndi bu ehtiyaclar əsasən içməli suya xərclənir. Bildiyimiz kimi, Azərbaycanda onun ehtiyatı kifayət qədər azdır.
Bu barədə ekoloq Rövşən Abbasov "informator.az"a açıqlamasında təəssüflə bildirib ki, Bakı şəhərinə hələ də suvarma sistemi verilmir:
"Burda yerləşən parkların və bağların yaşıllaşdırılmasında istifadə olunan su içməli sudur. Eləcə də Abşeron yarımadasında kənd təsərrüfatında istifadə olunan suların hamısı içməli sudur. Buna görə də Bakı şəhərində alternativ su mənbələrindən istifadə mütləqdir.
Bu alternativ su mənbələrindən ən yaxşısı istifadə olunmuş çirkab sularının yenidən təmizlənərək suvarılma üçün verilməsidir. Digər tərəfdən həm də Xəzər dənizinin suyunu şirinləşdirməklə, bağların və parkların suvarılmasında bundan istifadə edə bilərik. Müəyyən kənd təsərrüfatında da istifadə edə bilərik.
Ümumiyyətlə, gələcək zamanlarda Bakı şəhəri və Abşeron yarımadasında suvarma suyu problemi ayrıca həll edilməlidir".
İlhamə Nurəhmədova