Marketdə alış-veriş edərkən bunlara diqqət!-Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:04 01.03.2024
Marketlərdə, mağazalardakı bəzi məhsulların üzərində istehsal tarixi və yararlılıq müddəti yazılmır. Xüsusilə də əksər ticarət mərkəzlərinin vitrinində açıq şəkildə satılan un məhsullarının üzərində heç bir qeydiyyat yoxdur. Eyni zamanda həmin məhsulların harada istehsal olduğu da müəyyən deyiı.
Azad İstehlakçılar İctimai Birliyindən verilən məlumata görə, istehsalçılar bu yolla məhsulları uzunömürlü etmək istəyirlər.
Bəs bu cür məhsulların üzərində qeydiyyat olmaması hansı dərəcədə düzgündür ?
Belə məhsulların yararlılıq tarixini bilməmək hansı hallara səbəb ola bilər və məhsulların üzərində hansı məlumatlar qeyd olunmalıdır?
Qida eksperti Fərid Səfərov "İnformator.az"a mövzuyla bağlı açıqlamasında qeyd edir ki, alış-veriş edən zaman etiketləri oxumaqla sağlamlığımızı qoruyuruq:
"Məhsulun üzərində olan qida etiketini məhsulun pasportu adlandırmaq olar.
Etiketdə məhsulun:
- adı.
- növü.
- tərkibi.
- istifadə sahəsi və qaydaları.
- istehsal tarixi və yararlılıq müddəti.
- saxlanma şərtləri.
- istehsalçının adı, ünvanı qeyd olunmalıdır.
Təəsüf ki, bəzi hallarda bütün bu qaydalara, gigiyena normalarına uyğun olmayan məhsullar pərakəndə şəkildə, açıq formada satışa çıxarılır, nə istehsal tarixini, nə istifadə müddətini axtarıb tapmaq olmur. Bu isə birbaşa sağlamlığımız üçün təhlükəlidir".
Ekspert vətəndaşlara yalnız etiketi aydın oxunan və bütün məlumatlar olan məhsulları almağı məsləhət görür:
"Bu cür qida məhsulları zəhərlənmə, mədə bağırsaq problemləri, ürəkbulanma, allergiya kimi sağlamlıq problemlərinə səbəb olur, üstəlik də, pulumuzu mənşəyini, tərkibini, tarixini bilmədiyimiz məhsullara xərcləmiş oluruq.
Etiketləri oxumaqla sağlamlığınızı və həyatınızı qorumuş olarsınız.
Sağlam qida sağlam gələcəkdir" !
Azər Abuşov