Məktəblərdə iş dəftərləri pulsuz olacaq?

Bölmə: Sosial › ,
Tarix: 19:11 01.03.2024

Siniflər üzrə iş dəftərlərinin ödənişsiz olması üçün iş aparılır.

 

"İnformator.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, dərslərə uyğun iş dəftərləri hazırlamaq lazımdır: "Lakin sinifdə 3 nəfərdə iş dəftəri olanda, 5-ində olmayanda nəticə olmur. İş dəftələrinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq".

 

Bəs bu addım təhsilə nə dərəcədə müsbət təsir edəcək? Bu təşəbbüsün həyata keçirilməsi uşaqlarda oxumağa həvəsi artıra bilərmi? 

 

Mövzu ilə əlaqədar "informator.az"-a elm və təhsil eksperti Rizvan Fikrətoğlu açıqlama verib:

 

"Hazırda məktəblərdə istifadə olunan iş dəftərləri açıq satış yolu ilə yayılır. Ancaq sözügedən dəftərləri almağa müəyyən valideynlərin gücü çatmır. Məktəblilərin iş dəftərlərini alması könüllü xarakter daşısa da, almamaq da doğru olmur. Ən pis halda iş dəftəri olmayan şagird dərslərindən geri qalır, balans pozulur. Hər il bahalaşan bu dəftərlər birmənalı qarşılanmır. Bu dəftərlər dövlət vəsaiti hesabına olanda eynilik olacaq, bütün şagirdlər iş dəftərlərindən istifadə edə biləcəklər. Bu valideynlərə maddi dəstək olmaqla yanaşı, təhsilin yaxşılaşdırılmasına da kömək edəcək".

 

 

Aydan İsayeva