Anaların diqqətinə!-Həkimdən ana südüylə bağlı açıqlama
Bölmə: Sosial › ,Tarix: 19:40 01.03.2024
Gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, bu gün ana südü ilə qidalanan körpələrin sayında ciddi azalma var və bu, çox təhlükəli haldır:
"Körpə üçün ana südündən qiymətli heç nə ola bilməz. Digər xarici ölkələrdə süni körpə qidasının reklamı qadağandır. Süni qidanın tərkibi nə qədər zəngin olsa, yaxud keyfiyyətli hazırlansa da, heç vaxt ana südünü əvəz edə bilməz. Mənim də hərdən televiziya və mediada təəssüf ki, gözümə süni qidaların reklamı dəyir. Bununla ciddi mübarizə aparmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu gün süd vəzi xərçəngi qeydə alınan qadınların çoxu məhz övladına süd verməyən analardır”.
"İnformator.az" a açıqlamasında bu sözlərə münasibət bildirən pediatr Nigar Mirzəyeva deyir ki, hər ananın öz südü öz körpəsinə özəl ən mükəmməl qidadır.
Pediatr ana südünün faydalarını qeyd edib:
" •Həzmi rahat və asandır.
•Ana körpəsini bəsləməklə ana-uşaq arasında münasibət güclənir və körpənin sağlam bir şəxsiyyət qazanmasında rol oynayır.
•Ana südü yağ,karbohidrat və vitaminlərin ən mükəmməl birləşimini təşkil edir.
•Ana südü içində olan antitellər,enzimlər və hormonlar körpənin infeksiya və xəstəliklərə qarşı qoruyur.
•Ana südü alan uşaqlarda zəkanın yüksək olduğu bilinir.
•Həmçinin əmzirmə anada süd vəzi və yumurtalıq xərçəngini, eləcə də qadınlarda menopauza dönəmində osteoporoz riskini azaldır".
Müsahibin sözlərinə görə, körpənin ilk aldığl süd “ilk süd”,"ağız südü” və ya “kolostrum” adlanır və bu südün ilk gündən alınması, körpənin bəslənməsi və bağırsaqların yaxşı çalışması üçün yetərlidir.
"Lakin cəmiyyətdə son dönəmlər süni qidalar ilə qidalanmağa üstünlük verilir. Süni qidaların körpəyə verilməsinin zəruri və zəruri olmayan bir sıra faktorları var. Normal doğum ilə uşaq dünyaya gətirən analara nisbətən keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların südü bir qədər gec gəldiyi üçün əmzirməyə gec başlanılır və bu müddət körpənin ac qalmaması üçün süni qidalardan istifade oluna bilir. Lakin paralel olaraq davamlı körpəni ananın döşünə qoyub südün gəlməsini təmin etmək lazımdır".
Pediatr qeyd edir ki, əgər uşaq yalnız ana südü ilə doyursa, süni qida verilməsi dayandırılmalıdır.
"İkinci faktor körpənin yetərsiz çəki almasıdır. Bəzən ananın yetərsiz qidalanması, yetərsiz maye qəbulu, yuxusuzluq və ya bir sıra psixoloji faktorlar südün azalmasına səbəb olur və körpə ehtiyacı qədər qidalana bilmədiyi üçün çəki alımı zəif olur. Bu zaman dəstək məqsədli süni qidalardan istifadə məsləhət görülür. Lakin hər qidalanmada hər zaman ilk seçim yenə ana südü olmalı davamını isə südü qida ilə tamamlanmalıdır. Digər faktorlardan biri ananın müəyyən xəstəliklə bağlı qəbul etdiyi dərman preparatlardır ki, bu dərmanlar laktasiya dövründə uşağa mənfi təsir göstərdiyi üçün süni qidalarla istifadə olunur. Bəzən ananın qidalanması ilə bağlı xüsusilə, inək südü, mal əti kimi məhsullarla bağlı uşaqların bağırsaqlarında allergiyaya bağlı qanlı nəcis müşahidə olunur. Bəzən ananın etdiyi bütün pəhrizlərə rəğmən proses davam etdiyindən çox nadir hallarda ana südü dayandırılaraq tamamile hidrolize olunmuş süni qidalara keçirilir.
Ananın doğumdan sonra erkən işləmə faktoru da ana südünü dayandıraraq süni qidaya keçməsinə səbəb olur.
Bu zaman südü sağaraq soyuducuda saxlamaq və ana evdə olmadığı dönəmdə uşağın ana südü ilə qidalanması məsləhət görülür. Bəzən isə zəruri bir səbəb olmadan analar süni qidalara keçirlər. Məsələn, ananın zərərli vərdişlərinin(spirtli içki, siqaret faktoru) olması, bədən quruluşunda dəyişikliyin olmasını istəməməsi kimi faktorlarda da analar süni qidalara üstünlük verirlər.
Həkim olaraq müraciət edən hər anaya ana südünün vacibliyi və faydaları haqqında məlumat verilməli və məcbur qalmadıqca süni qidaların verilməməsi məsləhət görülməlidir".
Gülay Qəribova