Kənd təsərrüfatında sağlam məhsul yetişdirilməsinin yolları-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:59 01.03.2024
Meyvə-tərəvəzdən zəhərlənmə halları çox vaxt həmin bitkilərin həddən artıq dərmanlanması ilə əlaqələndirilir. Uzun illərdir ki, fermerlər məhsuldarlıq üçün müxtəlif pestisidlərdən faydalanır.
Kənd təsərrüfatında dərmanlamanın düzgün aparılıb-aparılmaması, fermerlərə istifadə etdikləri əlavə vasitələrlə bağlı ətraflı təlimlərin keçirilib-keçirilməməsi sual yaradan məqamlardır.
Bu haqda "İnformator.az" a açıqlama edən deputat Azər Badamov deyir ki, bu gün kənd təsərrüfatı məhsullarının istehsalında müasir üsullar, texnologiyalar və elmi əsaslar tətbiq edilməklə daha yüksək məhsuldarlıq əldə olunur.
"Xaricdən daha məhsuldar yeni sortlar və toxum növləri gətirilməklə intensiv becərmə üsullarından istifadə edilməsi genişlənib. Təbii ki, müasir üsullarla becərilmə dərmanlar, qida yemləri və pestisitələri tətbiq etmədən mümkün deyil".
Milli Məclisin üzvü bildirir ki, buna görə də indi aqrar sektorda 30 il bundan əvvəlkindən daha çox dərmanlardan və qida vasitələrindən istifadə olunur.
"Təbii ki, kimyəvi preparatlardan istifadə edilməsi üçün fermerlərin elmi biliklərə malik olması vacibdir. Bu baxımdan iri fermer təsərrüfatlarında aqronomlar bitki və bağların yetişdirilməsi prosesinə nəzarət edərək aqrotexniki qaydalara riayət edirlər. Amma kiçik fermer təsərrüfatları isə aqronomların nəzarətində deyil və təsərrüfatlarda dərmanlardan kortəbii şəkildə istifadə olunur. Bu zaman həm zərərvericilərə qarşı mübarizə dərmanları çiləyəndə müvafiq normalar gözlənilmir, həm də gübrələrin verilməsi də özlərinin istədikləri kimi istifadə olunur. Amma normadan çox çilənmiş dərmanlar və verilmiş gübrələr məhsulun keyfiyyətinə birmənalı şəkildə təsir göstərir. Məsələn, mövsüm dövründə qarpızdan zəhərlənmə halların çox olduğunu müşahidə edirik. O cümlədən digər məhsulların tərkibində də zərərli fermentlərin çoxalması həm zəhərlənmələrin baş verməsinə, həm də insanların sağlamlıqlarına təsirsiz ötüşməməsinə səbəb olur. Ona görə də mütləq şəkildə fermerlərin, xüsusilə kəndçilərin maarifləndirilməsi tədbirləri genişlənməlidir. Bu işi aqrar xidmətlər mərkəzləri həyata keçirir. Amma bu prosesin daha da genişləndirilməsinə ehtiyac var. Müvafiq sahələri əhatə edən mütəxəsislər fermerlərlə mütəmadi görüşlər keçirməli, onları sağlam qidanın yetişdirilməsi üçün lazımi yollarla maarifləndiməlidir".
Müsahib sonda qeyd edir ki, belə olduğu halda daha sağlam məhsullar yetişdirmək mümkündür.
Gülay Qəribova