Məktəblərdəki imtahanlarla bağlı qərar-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:02 01.03.2024
"Hesab edirəm ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur”.
Bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirir ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur və bu sayın azaldılması müzakirə mərhələsindədir.
"İnformator.az" a açıqlamasında nazirin bu sözlərinə münasibət bildirən təhsil eksperti Elçin Murad bildirir ki, orta məktəblərdə 9-cu sinifə qədər hər hansı bir fənni güzəştə getmək yalnış olardı.
"Çünki şagird bir istiqamət üzrə yönələ, hər hansı seçilmiş 3-5 fənn üzrə formalaşa bilməz. O zaman bir robotlaşma halı baş verəcək. Şagirdin 3-5 fəndən bilik səviyyəsi yüksək olsa da, əhəmiyyət vermədiyi fənlər kənarda qalacaq. Qənaətimcə, 9-cu sinifə qədər keçirilən bütün dərslərə eyni səviyyədə yanaşılmalıdır".
Elçin Murad qeyd edir ki, 10 və 11-ci siniflər üzrə təhsildə müəyyən güzəştlərə gedilərək şagirdi (və daha sonra abituriyent) əlavə dərslərin yükündən azad edərək onu bir istiqamətə yönləndirmək lazımdır.
"Həm Elm və Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin proqramlarına uyğunlaşmaq üçün belə bir atmaq lazımdır. Belə olan halda da şagird məktəbdən uzaqlaşmayacaq və yorulmayacaq.
Əlavə edim ki, 9 illik təhsildən kolleclərə sənəd verən abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahanlarına cəlb olunmalı, lakin təhsilini 10 və 11-ci sinif olaraq davam etdirən, yəni universitet yolu seçən şagirdlər bu imtahanlardan azad edilməlidir. Məktəblərdə keçirilən KSQ və BSQ imtahanlarına gəldikdə isə bu, sadəcə ibtidaidən orta təhsilə keçid mərhələsində 9-cu sinif şagirdlərinə və 11-ci sinif şagirdlərinə keçirilməsi kifayət edir. Digər sinif şagirdləri il ərzində dərsdəki fəaliyyət və aldıqları qiymətlər əsasında sinifdən sinfə keçirilə bilərlər. Orta məktəb proqramlarında artıq fenlərin çıxarılması məsələsinə gəldikdə isə bu günün tələbatına uyğun olan və olmayan olaraq müəyyənləşdirilməli, ictimaiyyət arasında sorğu keçirilməli bir neçə təhsil müəssisələri müzakirə etdikdən sonra çıxarıla bilər".
Qeyd edək ki, orta məktəblərdə şagirdlərin bilik səviyyəsinin yoxlanılması üçün müəyyən vaxtlarda böyük və kiçik summativ qiymətləndirmələr keçirilir.
2018-ci ildəki qərara əsasən, 1-ci sinifdə KSQ və BSQ aparılmır.
KSQ 2 və 11-ci siniflərdə, BSQ isə 4, 9 və 11-ci sinifdə bütün fənlər üzrə, 5,6,7 və 8-ci siniflərdə isə yalnız buraxılış imtahanları fənləri üzrə aparılır.
Nəzrin Mirzəyeva