Erkən nikah hallarının qarşısı necə alınmalıdır ?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:31 04.03.2024
Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar da aparılır.
Qızların erkən yaşda evləndirilməsinin və uşaq dünyaya gətirməsinin qarşısını almaqla bağlı hansı tədbirlər görülməlidir? Həmin yaşda olan yeniyetmələr ailə himayəsində olurlar. Onlar məsuliyyətə cəlb ediləcəkmi? Nə kimi cəzalar tətbiq oluna bilər?
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi - Uşaq məsələləri üzrə şöbəsinin müdir müavini Günel Nağdəliyeva ‘’informator.az’’a açıqlamasında bildirib ki, erkən nikah hallarının qarşısının alınması məqsədilə qanunvericilikdə müəyyən məsuliyyət nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 176-cı maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
‘’Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu gün bir çox dövlət qurumları, eləcə də, AQUPDK erkən nikah hallarının qabaqcadan müəyyən edilməsi məqsədilə nəzarətin aparılmasına, əhali arasında erkən nikah hallarının mənfi fəsadları barədə maarifləndirmə işlərinin aparılması, təhsildən yayınan qızların təhsilə cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir".
Günel Nağdəliyeva qeyd edib ki, bu gün erkən nikah hallarına daha çox Aran, Şirvan, Bakı-Abşeron, Cənub, qismən də Şimal bölgəsində rast gəlirik:
''Ümumiyyətlə erkən nikah hallarının statistik göstəriciləri ananın yaşına görə doğulan uşaqların sayına əsasən aparılır. 2000-ci ildən etibarən 15-17 yaş qruplarına görə uşaq dünyaya gətirən anaların statistik bölgüsünə baxdıqda görürük ki, 2011-ci ildə bu hal daha geniş vüsət alıb və 4392 nəfər olaraq müəyyən olunub. 2022-ci ildə isə bu göstərici 2011 nəfər olaraq müəyyənləşdirilib. Əfsuslar olsun ki, erkən nikah bir çox hallarda körpə və ana ölümü, boşanma hallarının artması, qızların təhsildən yayındırılması və bununla da bir növ onların cəmiyyətdən təcrid olunması, fiziki və psixoloji travmaların yaranması və bunun kimi digər acınacaqlı fəsadlarla nəticələnir. Hesab olunur ki, erkən nikahların sayı 10%-ə qədər azalarsa, bütövlükdə 70%-dək ana və uşaq ölümünün qarşısı alınar’’.
Sevinc Yarməmmədova