“Valideynlər övladları ilə münasibətlərini tənzimləmək üçün…”-Psixoloq

Bölmə: Sosial › ,
Tarix: 18:39 04.03.2024

İnformator.az-ın növbəti müsahibi psixoloq Aynur İsmayılovadır. Psixoloq valideyn övlad münasibətlərinin necə tənzimlənməsindən danışıb.

 

Psixoloq deyir ki, valideynlər uşaqlara 3 yaşına qədər çox böyük dəstək verməlidirlər ki, uşaqlar emosional münasibət çərçivəsini düzgün tənzimləyə bilsin. 

 

“3 yaşdan sonra uşağa yavaş-yavaş sərbəstlik vermək lazımdır ki, özgüvənləri artsın. Valideynlər övladlarını hazırlamalıdırlar ki, onlarsız cəmiyyətdə yaşaya, qərar verə bilsinlər. 6 yaş uşağın eqo yaşıdır. Eqo yaşındakı uşaqla 3-4 yaşındakı kimi davranılırsa, bu uşaq gələcəkdə də valideynsiz dərs edə, qərar verə bilməyəcək. Uşaqlara sərbəstlik verib onların bacarıqlarını üzə çıxarmaqlarına yardımçı olmaq lazımdır”. 

 

Aynur İsmayılova vurğulayır ki, valideynlər yeniyetməlik yaşındakı uşaqlarla daha çox problem yaşayırlar. 

 

“Valideynlər özü hiss etmədən övladlarını körpə sanırlar. Yeniyetmə isə özünü artıq böyük yaşlı hesab edir. Valideynlər çox vaxt yeniyetmə sərhədlərini qorumurlar. Onların otağına icazəsiz girirlər, işlərinə daha çox qarışırlar. Bu da uşaqlarda özünəqapanma, aqressiya yaradır”. 

 

Psixoloq sonda əlavə edir ki, valideynlər övladları ilə münasibətlərini tənzimləmək üçün mütəmadi olaraq psixoloqların təlimlərini izləməlidirlər ki, düzgün yanaşma qaydasından istifadə edə bilsinlər. 

 

Sayad Qoşnalıyeva