Oğlan tələbələrə niyə kirayə mənzil verilmir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:03 04.03.2024
Son zamanlar bir sıra sosial şəbəkələrdə mənzil sahiblərinin oğlan tələbələrə ev kirayə verməməsi məsələsi gündəmdədir. Bəs, buna səbəb nədir? Problem nədən qaynaqlanır?
Bu haqda əmlak eksperti Ramil Osmanlı "informator.az"a açıqlamasında bildirib ki, illərdir ki, bu məsələ müzakirə mövzusudur:
"Təəssüflər olsun ki, bu problemin faktiki olaraq sosial cəhətdən həlli insan faktorundan keçir. Bunun üçün ilk növbədə bizim şüurumuzda dəyişiklik olmalıdır, sonra müxtəlif normativ-hüquqi aktlarda dəyişiklik olunmalıdır. Xüsusilə mənzil mülkiyyətçilərinin, ev sahiblərinin məsələyə baxışı tədricən dəyişməlidir.
Səbəb isə odur ki, oğlanlar qızlara və ailələrə nisbətdə yaşadıqları yaşayış sahəsinə daha az qayğı göstərir, evin təmizliyinə və ya digər problemlərinə daha az vaxt ayırırlar. İki eyni təmir səviyyəsi olan, eyni kommunal infrastrukturu olan evlərdən birini oğlanlara, birini qızlara verəndə, müşahidə edərik ki, bir ildən sonra, oğlanların yaşadıqları mənzil daha çox fiziki aşınmaya məruz qalıb, daha çirkli vəziyyətdədir. Buna görə də ev sahibləri bu problemdən yayınmaq üçün evlərini daha çox qız tələbələrə və ya qadınlara kirayə verir. Bu məsələnin səbəbləri çoxdur, fəqət içlərində elələri var ki, hamıya aydındır. Bu səbəbləri müzakirəyə çıxarmaq etik baxımdan doğru deyil".
Ekspert hesab edir ki, cəmiyyət inkişaf etdikcə bu problemlər həll olunacaq:
"Zamanla kirayə müqaviləsi bağlamaq ənənəsi Azərbaycanda formalaşdıqca, bu tip məsələlər də aradan qalxacaq".
Gülay Qəribova