"Ürək-damar xəstəlikləri əsasən genetik olaraq irsi keçir "-Kardioloq

Bölmə: Sosial › ,
Tarix: 20:11 04.03.2024

Ürək-damar xəstəlikləri insanlar arasında ən çox təsadüf olunan xəstəlikdir. Odur ki, bu xəstəliyin profilaktikası, erkən diaqnostikası insanın həyat və iş qabiliyyətinin uzun müddət saxlanılmasında böyük rol oynayır. 

Bəs ürək-damar xəstəliklərinin yaranmasına əsas səbəb genetik yoxsa başqa amillərdir?Ürək-damar xəstəlikləri soyuq yoxsa isti havalarda özünü daha çox büruzə verir? Bu problemin qarşısını almaq üçün insanlar nəyə diqqət etməlidirlər?

 

Mövzu ilə əlaqədar Həkim-kardioloq Nigar Məmmədova "İnformator.az"-a açıqlama verib.

 

"Bütün xəstəliklərdə genetika önəmli rol oynayır. Xüsusilə də, ürək, təyziq və şəkər xəstəliklərində genetikanın rolu böyükdür. Ürək-damar xəstəliklərinə əsas səbəb olaraq genetikanı götürsək də, zərərli vərdişlər, qeyri-sağlam qidalanma, hərəkətsiz həyat tərzi və.s. kimi insan sağlamlığına ziyan olan nüanslar da bu xəstəliyə səbəb ola bilər. 

 

Ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar hava temperaturuna diqqət etməlidirlər. Məsələn, İşemiya xəstəliyindən əziyyət çəkən insan ani hava dəyişikliyinə məruz qalarsa, bu vəziyyət həmin xəstənin infakt olması ilə nəticələnə bilər. Əgər xəstə həddən artıq isti havada aşağı, soyuq temperaturda olan kondisionerin havasına öyrəşib, sonra bayırda olan çox isti havaya çıxsa və yenidən soyuq otağa geri qayıtsa, həmin insan ani hava dəyişikliyinə məruz qalar və bu hava dəyişikliyi də damarda spazmlara səbəb ola bilər".

 

Kardioloq son olaraq vurğulayıb ki, ürəyin sağlamlığı üçün zərərli vərdişlərdən uzaq durmaq, sağlam qidalanmaq və hərəkətli həyat tərzi vacib nüansdır.

 

 

Aydan İsayeva