"Təhsildən yayınmada statistikanı böyüdən səbəb nikahdan kənar doğulan uşaqlardır"-Ekspertdən açıqlama
Bölmə: Sosial › ,Tarix: 20:18 04.03.2024
"Təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağlıq rayonlarında müasir standartlara cavab verən məktəblər də fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır".
Bu sözləri təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov İnformator.az-a açıqlamasında bildirib.
Kamran Əsədovun fikirlərinə görə, bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır.
"Sadəcə bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun. Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir.
Apardığımız araşdırmalardan məlum olur ki, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir".
Ekspert bildirir ki, digər səbəb isə məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib.
"Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər. Hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır.
Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir".
Kamran Əsədov qeyd edir ki, təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır.
"Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2021- ci illərdə nikahdan kənar doğulan uşaqların sayı 32 min olub. Həmin valideyinlər ilk növbədə vətəndaşın konstitusiya hüququnu pozurlar. Belə ki, Konstitusiyanın 42 – ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İnzibati xətalar, cinayət məcəlləsində hətta valideyinlik hüququndan məhrum edilməsi, hətta azadlıqdan məhrum edilməsi nəzərdə tutulsa da, aidiyyəti qurumlar bu məsələdə susurlar".
Fatimə Mustafayeva