Ödənişli yollarda güzəşt tətbiq olunacaq?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:04 04.03.2024
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün pullu olması narazılıq yaradıb. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği nəyə əsasən təsdiq olunub? Müəyyən güzəştlər edilə bilərmi?
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev "informator.az"a açıqlama edib. O bildirib ki, Azərbaycanda bir ilkə imza atıldı:
"İlk ödənişli yol tikildi və istismara verildi. Bu ödənişli yolun da ödənişini, bütün sahələrdə olduğu kimi, Tarif Şurası müəyyən edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciətinə əsasən, Tarif Şurası qiymətləri müəyyən edib. Tarif Şurasının 17 oktyabr 2023 il iclasında qəbul olunmuş qərara əsasən, ödənişli yol haqqında konkret qiymətlər müəyyən edilib. 1km üçün məbləğ, 9.3 qəpikdir, bütün yol boyu isə 12 manat nəzərdə tutulubdur. Bu müəyyən edilmiş məbləğ bütün kateqoriyadan olan insanlara aiddir".
Ekspert qeyd edir ki, əhalinin hər hansı bir hissəsi üçün konkret bir güzəşt nəzərdə tutulmayıb:
"Yaxşı olardı ki, tələbələrə, şəhid ailələrinə, qazilərə müəyyən güzəştlər edilərdi. Onların bu imtiyazlardan istifadə etmələri üçün qərarda müəyyən dəyişiklərin edilməsi arzuolunandır. Ödənişli yolların alternativi ödənişsiz yollar da var. Bu yollar da eyni parametrlərə uyğundur. Ola bilsin ki, ödənişli yollarda güzəşt tətbiq edilməsin. Çünki hazırda eyni yolun alternativi olan ödənişsiz yollar da fəaliyyət göstərir".
Gülay Qəribova