"Bu terapiyadan hər hansısa xəstəliyin müalicəsində birbaşa istifadə etmək olmaz"-Həkim RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 20:58 04.03.2024

İlk baxışda çox iyrənc və qorxunc görünən zəlilər əsasən şirin su hövzələrində yaşayır. Ancaq unutmayaq ki, bu sürünən canlı sağlamlığımız üçün çox yararlıdır. Qədim vaxtlardan başlayaraq, insanlar zəlidən ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə ediblər.

 

Mövzu ilə bağlı terapevt Zakir Quliyev "İnformator.az"a açıqlamasında fikirlərini bildirib ki, günümüzdə müasir təbabət alternativ tibbi dəstəkləyir:

 

"Zəli terapiyası sadəcə alternativ müalicədir. Müasir təbabətdə zəli terapiyasından elə də geniş istifadə olunmur. Bu terapiyadan hər hansısa xəstəliyin müalicəsində birbaşa istifadə etmək olmaz. Məsələn, şəkərli diabet xəstəliyinin müalicəsində sadəcə zəli terapiyasından istifadə etmək yolverilməzdir. Günümüzdə zəli terapiyasından istifadə etməkdənsə, insan bədənindən qan götürülüb bağışlanması daha yaxşı olar. Hər ikisi bənzər effektə malikdir. İndiki dövrdə artıq zəlilərdən elədə geniş istifadə olunmur".

 

Qeyd edək ki, dünyada 400-ə qədər növü olan zəlinin Azərbaycanda 17 növü var ki, bunun ancaq üçü (Tibb zəlisi, aptek zəlisi, şərq zəlisi) tibbdə istifadə olunur.

 

 

İlahə Həsənova