Fövqəladə vəziyyət zamanı bunlara diqqət edin!-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:33 04.03.2024
Evlərdə, iş yerlərində səfərlərə gedərkən, istirahət yerlərində və sairə, təhlükəsizlik məsələləri ön planda olmalıdır. Yəni iş görəndə getdiyin yerdə təhlükə risklərini minimuma endirmək lazımdır. Diqqət edəndə görürük ki, evlərdə, ofislərdə baş verən yanğınlar əsasən elektrik təchizatındakı nasazlıqla bağlı olur.
Bəs evdə, iş yerlərində təhlükəsizliyi necə təmin etmək lazımdır ?
Mövzuyla bağlı "İnformator.az"a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, ölkəmizdə yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu və qaydaları mövcuddur. Bu qaydaların tələbləri əsasında istər iş yerlərində, istər müəsisələrdə, evdə yanğın təhlükəsizlik tədbirləri işləri işlənib hazırlanmalı və yanğın təhlükəsizliyi ilə bütün risklər nəzərdən keçirilməlidir:
"Ölkəmizdə son müddət ərzində yanğın təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Çünki 2024-cü ildən bu yana yanğın təhlükəsizliyi ilə əlaqədar baş verən ağır və dəhşətli hadisələr onu göstərir ki, yanğın təhlükəsizliyi məsələsinə daha ciddi yanaşılmalıdır ki, bu cür hadisələrin qarşısı vaxtında alınsın. Əsas məqsəd yanğın baş verdikdən sonra onu necə söndürmək deyil, ümumiyyətlə yanğın halının baş verməsinin qarşısını almaqdır".
Ekspert qeyd edir ki, yanğının baş verməsi üçün üç əsas element mövcuddur: yanacaq, istilik və oksigen.
"Bu üç elementin kombinasiyası nəticəsində yanğın baş verir, yanğını söndürmək üçün bu üç elementdən birini yanğın yerindən kənarlaşdırmaq lazımdır. Bu üç elementi uzaqlaşdırmağın üç əsas prinsipi var: boğma, soyutma və yanacağın çıxarılması hesab olunur. Bu da müxtəlif növ yanğın söndürən balonların həyata keçirdiyi prinsipləridir ki, hər bir odsöndürən balon xüsusi təyinatına uyğun istifadə olunaraq bu prinsipləri yerinə yetirir.
Yanğın zamanı odsöndürən balonun düzgün seçimi və istifadəsi xüsusi bir əhəmiyyətə malikdir. Çünki düzgün təyinat üzrə istifadə edilməyən balon hadisəni daha da şiddətləndirə bilər. Yanğın zamanı odsöndürən balonun düzgün seçimi və istifadəsi xüsusi bir əhəmiyyətə malikdir, çünki düzgün təyinat üzrə istifadə edilməyən balon hadisəni daha da şiddətləndirə bilər. Yaşayış binalarının təhlükəsiz yerlərində toplanma məntəqələri yaradılmalıdır ki, insanlar fövqəladə vəziyyət zamanı harada dayanmaq lazım olduğunu bilsinlər".
Azər Abuşov