"Bu kimi hadisələr ölkədə sosial bərabərsizliyi artırır"-Sosioloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 22:03 04.03.2024

Sosial bərabərsizlik, cəmiyyətdə insanların hüquq və imkanlarının eyni olmadığı və ya ədalətsizliklərin mövcud olduğu bir vəziyyəti təsvir edir. Bu məsələ, iqtisadi, ictimai, və siyasi sahələrdə fərqlilikləri ifadə edir və əsasən, ədalətsizliyə qarşı mübarizəni vurğulayır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Sağlam cəmiyyət hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, bütün sahələrdə sosial bərabərsizlik müşahidə olunur və bu uçurum sosial təbəqələr arasında zaman keçdikcə artır:

 

"Təhsildə, səhiyyədə, mədəniyyətdə, insanların əmək hüquqları, istirahət hüquqları kimi məsələlərdə vətəndaşlar arasında sosial bərabərsizlik müşahidə olunur. Özəl məktəblərdə imkanlı təbəqələrin uşaqları təhsil ala bilir, səhiyyədə yüksək xidmətləri yalnız imkanlı təbəqə ala bilir, mədəniyyət sahəsində beynəlxalq yarışlarda, konsertlərdə biletlərin qiyməti baha olur. Bu da imkanlı təbəqələr üçün əlverişlidir. Bunun əksinə imkansız təbəqələr isə bunlardan məhrumdurlar. Bu kimi hadisələr ölkədə sosial bərabərsizliyi artırır və dövlətə inamı azaldır. Beləliklə vətəndaş öz ölkəsində öz hüquqlarından istifadə edə bilmir. Ölkənin bütün sərvətləri, imkanları əhalinin 5%-indən ibarət olan təbəqə üçün nəzərdə tutulub. Qiymətlər tez-tez bahalaşır, aşağı təbəqə daha ucuz, keyfiyyətsiz məhsullardan istifadə edir".

 

Ekspertin sözlərinə görə, sosial bərabərsizlik istisnasız olaraq bütün sahələrdə var:

 

"İnsan hüquqlarından ən azı əhalinin 90%-i istifadə edə bilmir. Vətəni qoruyanların, qazilərin, şəhidlərin sosial vəziyyətinə baxsaq, ən minumum halda 99%-i yoxsul təbəqənin nümayəndələridir. Kimlər ki vətən üçün heçnə etməyib, onlar ölkənin bütün hüquqlarından bəhrələnib. Sabah dövlətçiliyimiz təhlükə qarşısında qaldıqda, hər hansı bir müharibə olduqda elə bir şərait olmalıdır ki, vətəndaşlar ölkəyə inansın, dövlətin uğrunda canını qurban verməyə razı olsun. Əgər biz vətəndaşların böyük hissəsinə ədalətli davranmasaq, onda necə vətəndaşlardan birtərəfli qaydada ölkəsini sevməyi tələb edə bilərik?! Belə məsələlər mənəvi-psixoloji məsələlərdir, amma bunun kökündə sosial-iqtisadi məsələlər dayanır. Sosial-iqtisadi məsələlər konstusiyada göstərilən vətəndaş hüquqlarının təmin olunmasıdır. Qanunlarda hər şey öz əksini tapıb, amma praktikada vəziyyət eyni deyil. Vətəndaşların arasında olan uçurumlar insanlar arasında qıcığa səbəb olur. Dövlətin funksiyası varlıdan alıb kasıba verməkdir. Vətəndaşlar arasında sosial uçurum olmayan cəmiyyət ədalətli, sağlam cəmiyyətdir. Sosial bərabərsizlikdə vətəndaşlardan çox şey asılıdır. Fərdlərin özünün yanaşması ədalətli, düzgün, vicdanlı olmasa, sosial bərabərsizlik artmış olar. İctimai olaraq bu sahədə mübarizə aparılmalı, müzakirələr olunmalı, problemlər ortaya qoyulmalı və hökumətdən problemin həlli yolu tələb olunmalıdır ki, vətəndaşların arasında sosial ədalət prinsipləri qorunsun".

 

Elnarə İslamova