Vergidən yayınma halları var ?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:17 05.03.2024
Günümüzdə əksər mağazalarda, marketlərdə kartla ödəniş etmək mümkündür. Amma bəzi xırda marketlərdə kartla ödəniş etmək olmur. Bunun səbəbi nədir ?
Həmin marketlər vergidən yayınır ?
Bu barədə "informator.az"a açıqlamsında iqtisadçı Akif Nəsirli bildirib ki, bəzi xırda marketlərin əksəriyyəti həmin ödəniş sisteminə qoşulmayıb:
"Bu o demək deyil ki, vergidən yayınırlar. Ola bilsin ki, ödəniş sisteminə qoşulmayıb, lakin vergilərini qaydasında verir. Bu texniki məsələdir. Kartla ödəniş terminalının olmaması o anlama gəlmir ki, hansısa market vergidən yayınır. Əgər bu məsələ ilə bağlı şübhələr varsa, araşdırmalar aparılmalıdır. Vergidən yayınma halları müşahidə olunarsa, müvafiq dövlət orqanları lazımi tədbirləri görməlidir".
İqtisadçı əlavə edib ki, hazırda terminaldan ödəniş üsulu məcburi deyil:
"Düzdür, terminalla edilən ödənişlərin vergidən yayındırılması mümkün deyil. Amma məsələ burasındadır ki, qanunla bütün ticarət şəbəkələrində, irili-xırdalı hamısında terminalın tətbiqi vacib deyil. Bir daha qeyd edim ki, qanunla vacib sayılmır. Xırda marketlər yaxın vaxtlarda sıradan çıxacaq. Sonuncu dəfə vergi məcəlləsinə edilən dəyişikliklərə görə xırda sahibkarlar 5% vergi ödəməkdən ötrü ən azı üç işçi saxlamalıdır. Əgər saxlanmasa, 20% vergi ödəməlidirlər. Hesab edirəm ki, xırda marketlər yaxın vaxtlarda sıradan çıxacaq. Bu heç də işin xeyrinə deyil. Yəni, rüşeym halında olan rəqabət mühiti tamamilə sıradan çıxarılacaq".
Lalə Qafarova