Bakıda 10 metro stansiyasının tikintisi planlaşdırılır
Bölmə: Sosial › ,Tarix: 22:10 05.03.2024
"Bakı Metropoliteni" QSC-nin davamlı inkişafı məqsədilə müvafiq tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metrostansiyanın tikintisi layihəsinə üstünlük verilib.
Bu barədə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.
Hədəf qoyulan 10 metrostansiyanın hansı ərazilərdə tikilməsi məqsədəuyğundur?
Nəqliyyat eksperti Rövşən Həsənov "İnformator.az" a açıqlamasında bununla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, bu məsələ mürəkkəb məsələdir.
"Türkan, Hövsan, Mərdəkan, Nardaran, Kürdəxanı, Novxanı istiqamətlərində yeni metrostansiyaların mövcud olması yaxşı olar. Digər tərəfdən isə Bakıxanov, Qaraçuxur, Sabunçu, Zabrat ərazilərinə uyğun olaraq stansiyalar inşa edilə bilər. Ancaq bu ərazilərin texniki baxımdan nə qədər uyğun olacağını demək çətindir. Bu da yalnız analizlər aparıldıqda bəlli ola bilər. Həmçinin dənizətrafı ərazilərdə, Goradil, Fatmayı, Mehdiabad, Günəşli, Suraxanı ərazilərində də yeni metrostansiya tikilsə, yaxşı olar. Təbii ki, analizlər edildikdən, torpaqdan nümunələr götürüldükdən sonra daha dəqiq rəy bildirmək olar".
Nəzrin Mirzəyeva