Abituriyentlər ən çox hansı fəndən çətinlik çəkiblər?
Bölmə: Sosial › ,Tarix: 22:18 05.03.2024
Martın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanı keçirib. İmtahan 30 şəhər və rayonda təşkil olunub.
Maraqlıdır, abituriyentlər ən çox hansı fəndən çətinlik çəkiblər? Bu mövzuda təhsil eksperti Elçin Süleymanov “informator.az”a danışıb.
Ekspert deyir ki, bütün dünyada dil və riyaziyyat müqayisəsində, təbii ki, riyaziyyat daha çətin olur.
“Dil məsələsində isə xarici dil çətin olur. Qrammatika ilə yanaşı, dinləmə, yazı mətnləri var. Və şagirdlərin anlama bacarığı yoxlanır. Məktəblərdə maddi, texniki baza ingilis dili fənninin tədrisinin hərtərəfli şəkildə mənimsənilməsinə təsir edir. Müəyyən məktəblərdə bu, zəifdir. Ümumiyyətlə, əvvəlki illərin statistikasına baxdığımız zaman da görürük ki, abituriyentlər daha çox riyaziyyat fənnindən çətinlik çəkirlər. Lakin kifayət qədər hazırlıqlı abituriyentlər də olur ki, yüksək bal toplayırlar”.
Elçin Süleymanov vurğulayır ki, buraxılış imtahanında bütün şagirdlər iştirak edir.
“Buraxılış imtahanı standartdır. Lakin qəbul imtahanında daha çox ali təhsil müəssisələrinə hazırlaşanlar iştirak edirlər. Buna görə də, buraxılış imtahanlarının göstəriciləri qəbul imtahanı ilə müqayisədə daha azdır.
Sayad Qoşnalıyeva