Qeyri-mövsümi meyvə və tərəvəzlərin ziyanları-Açıqlama

Bölmə: Sosial › ,
Tarix: 22:06 05.03.2024

Son günlərdə qeyri-mövsümi meyvələrin satışına tez-tez rast gəlirik. Satıcılar bildirirlər ki, mövsümə uyğun olmasa da, alıcı sayı onları qane edir.

"Meyvələrin yetişməsi və normal kimyəvi tərkibə malik olması üçün günəş enerjisi lazımdır. Meyvə və ya tərəvəzlər torpaqdan şüa alır və günəş enerjisinin təsiri ilə gövdələrində qeyri-üzvi maddələrdən üzvi maddələrə çevrilir. Qeyri-mövsümi meyvələr yetişdirilərkən yetəri qədər günəş enerjisi olmur, bu zaman məhsularda qidalı komponentlər çatışmır. Həmçinin çoxsaylı gübrələr istifadə olunur ki, bunların da əksəriyyəti sintetik gübrələrdir. Bu məhsullar istixana şəraitində yetişdirilir. Günəş istiliyi isə süni istiliklə əvəzlənir, beləliklə, qidanın bioloji dəyəri aşağı olur. Hər meyvə və tərəvəzi uyğun mövsümdə yeyilməsi tövsiyə olunur".

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Elsever Fərzəliyev"İnformator.az"a açıqlamasında bildirib. 

Ekspertin fikrincə, adətən aprel-may aylarında ticarət şəbəkələrində ərik, qarpız və digər qeyri-mövsümi meyvələr satılır və tələbatda çoxdur.

"Qeyri-mövsümi meyvələri alarkən ziyanlı olduğunu gözlə də görə bilirik. Qarpızın daxilində olan qırmızımtıl və sarımtıl rəngli sapa bənzər kütlənin əmələ gəlməsi ona çoxlu miqdarda nitrit gübrələrin verilməsi nəticəsində yaranır. Bəzi məhsullar xarici ölkələrdən gətirilir ki, bu da onların mövsümünə uyğundur. Bu cür qida məhsullarının qiyməti baha olur".

Ekspert qeyd etdi ki, bu cür qidalar orqanizmdə müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Bəzi qidaların orqanizmə ziyanlı olduğunu gözlə görmək mümkün deyil, bunun üçün xüsusi labaratoriya tədqiqatı aparmaq lazımdır. Qidaların laboratoriyasının aparılması Qida Təhlükəsizliyi İnstitutununda həyata keçirilir. 

"Son illərdə məhsullara sintez yolu ilə alınan gübrələr verilir, nəticədə, məhsulun tərkibində bu gübrələrin qalıqları qalır. İnsanlara tövsiyəmiz yalnız orqanik, ekoloji cəhətdən təmiz, qidalardan istifadə etsinlər. Orqanik qidalar immun sistemini daha gücləndirər. Bu da xəstəliklərin qarşısını almağa kömək edəcək. Məqsədyönlü olmayan qida məhsullarından istifadə etmək məsləhət görülmür".

 

 

Asiman Hafizqızı