"B-04" stansiyasının tikintisi necə davam edir? -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:24 05.03.2024

Bakı metropoliteninin "Bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

Bu barədə ötən il "Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, şərti olaraq "B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "İnformator.az " a  açıqlamasında hazırda davam edən işlər barədə məlumat verib.

 

Onun sözlərinə görə, şərti adı " B-04" olan, "Bənövşəyi" stansiyanın sayca 4-cü stansiyasının inşaatında qazıntı işlərinin böyük hissəsi tamamlanıb, yalnız keçidlər inşa edilir, bu da tikintinin norma vəa qaydalarına uyğun olaraq sonuncu mərhələsində həyata keçirilir.

 

"4 səviyyə üzrə artıq qazıntı işləri tamamlanıb, üzləmə işləri gedir. Bu da inşaatın son tamamlanma mərhələsi adlanır. İlkin hazırlıq tədbirlərindən sonra mərmər və qranit üzlüklərin vurulmasına başlanılacaq. Stansiyanın ən vacib məsələsi platforma səviyyəsindəki işlərdir. Platforma səviyyəsinin tikintisi başa çatdırılıb. Bundan əlavə, stansiyanı "8 noyabr" stansiyasına bağlayacaq dəmir yolu şəbəkəsi artıq hazırdır. İndiki dövrdə tunellərdə yol infrastrukturunun digər hissələrinin təmin olunması və qatarların hərəkətinin təşkili üzrə digər məsələlərin həllinə başlanılıb".

 

Bəxtiyar Məmmədov bildirib ki, bu ildən stansiya infrastrukturunun qurulmasıyla bağlı tədbirlər, proseslər  aparılacaq.

 

"Vintilyatorlar, eskalatorlar artıq Bakıdadır. Tikintinin qaydalarına uyğun olaraq müəyyən mərhələdə onlar quraşdırılacaq. Elektrik yarımstansiyasının da quraşdırılmasıyla bağlı məsələlər optimal qaydada davam edir".

 

 

Nəzrin Mirzəyeva