"Bu punktların aşkarlandığı insanlar depressiyada ola bilər"-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:37 05.03.2024
Psixoloqlar həyəcan təbili çaldı:
“Yaz depressiyasında ola bilərsiniz”.
Bəs ümumiyyətlə depressiyanın əlamətləri nələrdir? Qurtulmaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova "İnformator.az"a açıqlamasında bildirib ki, depressiyanın bir neçə növü olur:
"Fəsil depressiyası, buna aid edilir: yaz və payız aylarında olan depressiyaları. Hətta son dönəmlərdə yay depressiyası da olur. Bu yayın sonlarında baş verən insanların istirahət edə bilməməsi ilə bağlı olan depressiya növüdür.
Depressiv insanlar həyatı daha çox sevən, eyni zamanda həyatdan daha çox istək və arzularının reallaşmasını gözləyən insanlardır. Bəzi insanlar düşünürlər ki, arzuları mütləq bu zamanda reallaşmalıdır və yaxud da nəyisə arzulayırlar və olmadığı zamanda depressiyaya düşürlər. Depressiyaya düşmək zəif iradənin nəticəsidir. Zəif iradəli insanlar depressiyaya daha çox meyillidirlər. İradənin zəifliyi, həyat eşqinin, həyat gücünün zəifliyinə də gətirib çıxarır. İradəsi zəif olan biri tez ruhdan düşür, mübarizə aparmaq qabiliyyətinə malik olmur, insanlara güvənmir, həyat eşqi azalır ".
Gülnar Orucova qeyd edib ki, depressiyada olmaq üçün müəyyən punktlar var və bu punktların aşkarlandığı insanlar depressiyada ola bilər:
"Həyat eşqinin azalması, həddən artıq yatmaq, günlük rejimin pozulması, gələcəklə bağlı heç bir fikrin olmaması, negativlik və pessimizm olması, normal kilonun 5,10% itirilməsi, davamlı yuxu istəyi, sosiallığın aşağı səviyyədə olması depressiya əlamətidir. Bu punktlardan ən az bir neçəsinin bir insanda olması əsas verir ki, insan depressiyada olsun və depressiyada olan insanlarda serotenin - xoşbəxtlik hormonu aşağı düşür.
İnsanın bədənində vitamin və mineralların az olduğu dönəmlər olur və bu dönəmlərdə də insanlar depressiyaya düşə bilir. İnsanlar soyuq aylar başlarkən və qışdan sonrakı aylarda bədənlərində vitamin və mineralların azlığından, düzgün qidalanmamaqdan fəsil depressiyalarına tutula bilirlər. Payız və qış aylarında günəş şüaları az olur. Günəş şüaları da insanlara xoşbəxtlik hissi verir . Serotenin günəş şüalarında, qırmızı meyvələrdə, xüsusən də kividə, şokoladda çox olur".
Psixoloq depressiyayada olan insanlara qurtulmağın yolları barədə məsləhətlər verib:
"İlk olaraq özünüzü inkişaf etdirin və özgüvəninizi artırın. Bu sizi heç vaxt depressiyaya düşməyə qoymayacaq .Öz ayaqlarınızı özünüz yerə vurun, heç kimdən aslı olmayın, heç kəsə bağlı olmayın. Xoşunuz gəlməyən işdə məvacib alırsınız deyə çalışmayın. Xoşbəxt olmağı seçin, ən azından sınayın. Siz idmanla məşğul olun, açıq havada daha çox gəzin, düzgün qidalanın, özünüzlə tək olmağı öyrənin və qərarlarınızı özünüz verin.
Kitab oxumaq və musiqi dinləmək də depressiyadan çıxaracaq səbəblərdəndir.
İnsanı depressiyaya salan ən çox səbəblərdən biri də dəyərsizlik sindromudur. Bir insan sizi dəyərdən salırsa, sizə hörmət etmirsə, fikirlərinizə və sizə önəm vermirsə, sizi özündən aşağı görürsə, siz onun yanında qalmalı deyilsiniz. Xüsusən də qızlar sevgi üçün oğlanların yanında qalırlar. Bunun səbəbi də xanımların ailədə tam sevgi görməməsidir. Sevgi duyğusu ilə asılılıq və bağlılıq duyğusunu qarışdırırlar.
Özünüzü sevin, bilin ki sizdən bu həyatda təkdir, özünüzə dəyər verin. Özünüzü qurban etməyin və hər şeyin yaxşısını özünüz üçün edin".
Tehran Yusifli