Sənətə marağı olan şəxslərlə necə davranılmalıdır?-RƏYLƏR

Bölmə: Sosial › ,
Tarix: 22:58 05.03.2024

Dövrümüzdə valideynlərin bir çoxu övladlarını daha çox gəlir gətirəcəyini düşündüyü istiqamətə yönəltməyə, yaxud gənclikdə olmaq istədikləri şəxsi övladlarında görməyə çalışırlar. 

 

Bəs bu nə dərəcədə doğrudur? Sənət sahələrinə həvəsi və marağı olan insanlarla necə davranılmalıdır?

 

"İnformator.az"ın qonağı Turanə Fəramərzlinin valideyni Tünzalə Fəramərzli, psixoloq Gülnar Orucova və təhsil eksperti Kamran Əsədovdur.

 

Tünzalə Fəramərzli qızının seçdiyi peşə ilə bağlı bunları qeyd edib:

 

"Qızım gəlirə görə o sahəni seçməyib. Əlindən gəldiyi, həvəsi olduğu üçün bu sahəyə yönəlib. Valideynləri olaraq biz də rəssamlıq oxumasına dəstək olduq. Turanə kollecə qəbul olmazdan əvvəl incəsənət məktəbində 4 il rəssamlıq oxuyub. 

 

Ümumiyyətlə, həyat onundur. Hər ana-ata kimi biz də qızımızın yaxşı sahəyə yönəlməsini, təbi kii, istəyirik. Anlayışla qarşılamaq lazımdır, çünki mənə görə, incəsənət sahəsi elə bir sahədir ki, hər insana qismət olmur, Allah vergisi kimi görürəm. Bu cür sahəyə yönələn insan istəsə, digər peşə sahələrinə də çox asanlıqla yönələ bilər. Sənəti bacarırsa, digər peşələri də bacarar". 

 

Psixoloq Gülnar Orucova mövzu ilə bağlı bir çox məqamları vurğulayıb, müxtəlif sahələrin zaman içində fərqli papulyarlıqlara sahib ola biləcəyinə diqqət yetirib:

 

"Valideynlər həmişə gənclikdə yiyələnə bilmədiyi şəxsiyyət övladları olsun istəyirlər, lakin zamanında olmaq istədikləri şəxsiyyətin sahib olduğu ixtisasın zamanla dəbdən düşə bildiyini anlamadıqları olur. Məsələn, Sovetlər dönəmində bir çox insanlar rus dili müəllimi olmaq istəyirdi, çünki dərslər rus dilində aparılır, rus dilini bilmək üstünlük sayılırdı. Bir müddətdən sonra isə insanlar tərcüməçi, mühasib kimi ixtisaslara tərəf yönəldi. Hal hazırda xaricdə təhsil, eləcə də, hüquq, jurnalistika və psixologiya kimi sahələr, necə deyərlər, dəbdədir".

 

Psixoloq həmçinin bildirib ki, valideynlər, əslində, övladlarının arzularını alçaldaraq onları daha inadkar hala gətirə, xatirələrində pis izlər qoya bilərlər:

 

"Valideyn övladını nəyəsə məcbur etməməlidir. Misal olaraq, Uşaq böyüyəndə kosmonavt olmaq istədiyini dedikdə valideyn buna sərt şəkildə reaksiya verir, lakin uşaq kosmonavt deyil də, pilot ola bilər, məsələn. Biz övladımızın arzularını alçaltdıqca onun şəxsiyyətini alçaltmış oluruq. Bunu etmək uşağın daha inadkar olmasına, yanlış istiqamətlərə yönəlməsinə, gələcəkdə valideynlərini günahlandırmasına səbəb ola bilər. Valideynlər əsas uşağın həmin peşəni istəmə səbəbinə diqqət yetirməlidirlər. Onlar olmadıqda da övladları peşələrini davam etdirməyi bacarmalıdırlar. Onsuz da, uşaqlar bir müddətdən sonra inkişaf edərək hansı sahəyə yönəlməli olduqlarının fərqinə varırlar". 

 

Kamran Əsədov da öz növbəsində məsələyə bu cür yanaşıb, ekspert rəyi bildirib:

 

"Orta məktəblərdəki fakültətiv dərslər şagirdlərin öz istək və bacarıqlarına uyğun peşələrə yiyələnməsi üçün nəzərdə tutulub. Həmçinin orta ümumi təhsil məktəblərinin mövcud peşə siniflərində şagirdlər müxtəlif peşələrə yiyələnirlər. Lakin ölkədə peşə məktəbləri heç də hamı üçün əlçatan deyil.

 

Orta məktəblərdə texnologiya, həyat bilgisi fənnlərində uşaqlarda müxtəlif bacarıqlar formalaşdırılmalıdır. Tikiş, ilkin tibbi yardım, yaxud digər sahələr üzrə əsas öyrədilməli olanlar həyatı bacarıqlardır. Bu zaman əldə edilən biliklər insana gələcəkdə də yardım edə bilir. Hal hazırda, təəssüflər olsun ki, bununla bağlı dövlət proqramı qəbul olunmasına baxmayaraq, orta təhsil məktəblərində texniki avadanlıqlar azdır.

 

Valideynlər anlamalıdırlar ki, bəzi ixtisaslar onların sandığının əksinə, övladlarını diplomlu işsiz qüvvəsinə çevirə bilər. Bunun əvəzinə, dərzilik, rəngkarlıq, aşpazlıq, zərgərlik və s. sahələrdə onların iş tapmaq imkanları ali təhsil müəssisələrində təhsil alan tələbələrdən daha çoxdur. 

 

Hazırda peşə məktəblərindən məzun olanlar daha yaxşı gəlir əldə edə, yüksək faizli iş tapa bilirlər. Biz də şagirdlərdə zəruri bacarıqların formalaşması üçün onları tikiş və digər avadanlıqlarla təchiz etməliyik". 

 

Qeyd edək ki, hər bir insanın öz arzu, məqsəd və hədəfləri var. Hədəflərindən aydı düşən insanlar doğru yolu, həyat eşqlərini tapmaqda çətinlik çəkə bilirlər. Ümid edirik ki, insanlar çəkdikləri əziyyətlərin qarşılığını tapar, məqsəd, arzu və hədəflərinə çatarlar. 

 

Aydan Qasımova