Ətraf mühiti zəhərləyən obyektlər-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 23:36 05.03.2024
İstixanalardan, şadlıq saraylarından istifadə zamanı ətrafa yayılan tüstülər müşahidə edirik ki, bu da mütəxəssislərin ozon qatı, atmosferlə bağlı təbil çaldığı bir zamanda atmosferə, ətraf mühitə mənfi təsir göstərir.
Məsələ ilə bağlı "informator.az"a açıqlama verən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov bildirib ki, əsasən, açıq şəkildə manqaldan istifadə və ya istixanalardan çıxan tüstülər atmosferin çirklənməsinin əsas qaynaqlarındandır:
"Bu zaman insan orqanizmi üçün zərərli olan uçucu üzvi birləşmələr karmatik hidrokarbinlar, ağır metallar və digər zərərli qazlar yarana bilir ki, bu da həm insanlarda müxtəlif xəstəliklərə səbəb olur, həm də uzunmüddətli bir dövrdə digər fəsadların yaranmasına gətirib çıxarır. Çox təəssüf ki, şəhərimizin istənilən məkanlarında manqal yeməkləri sifariş etmək olur və bu ilk baxışdan xoş olsa da, digər tərəfdən bu qədər kömürün yandırılması zamanı atmosferin çirklənməsi, karbon emissiyalarının artmasına səbəb olur".
Ekoloq sonda əlavə edib ki, məhz elə bu məqsədlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri mütəmadi olaraq reydlər keçirir, insan sağlamlığına, ətraf mühitə ziyan verici qazların atmosferə atılması aşkarlandıqda həmin müəssisə sahibləri iri məbləğdə cərimə olunur.
Aytac Kərimova