Bu il bütün məktəblərdə tətbiq olunacaq layihə-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 14:07 06.03.2024

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydalar"nın bu ilin sonuna qədər Bakı məktəblərinin demək olar ki, hamısında  tətbiq olunacağı gözlənilir.



"İnformator.az" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.



O bildirib ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çox əlçatan və müfəssəl sənəddir ki, bu da həm məktəbə, həm də valideynlərə şagirdin necə olmalı olduğunu, təhsil müəssisəsində özünü necə aparmalı olduğunu başa düşməyə imkan verir.

 

"Hazırda layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Pilot layihənin birinci mərhələsinin nəticələrinin təhlili göstərdi ki, bu məktəblərdə tədris mühiti müsbət istiqamətdə dəyişir. Bununla belə, bir daha vurğulamaq lazımdır ki, məktəb mühitinin formalaşmasında məktəblə valideynlər arasında əməkdaşlıq mühüm rol oynayır. Təhsil müəssisələri valideyn icmaları ilə münasibətlərinə əsaslı şəkildə yenidən baxmalı, bu istiqamətdə işləri gücləndirməlidirlər. Cəmiyyətdən, xüsusən də valideynlərdən lazımi dəstək olmasa, tez nəticə əldə etmək çox çətin olacaq", - deyə o qeyd edib.

 

 

Psixoloq Nabat Mirzəyeva son vaxtlar  şagirdlərin davranışları, bu davranışların tənzimlənməsi məktəblərdəki mövcud vəziyyət,  şagirdlərin davranışında müəllim və valideynlərin rolu barədə saytımıza açıqlama edib:

 


"Düşünürəm ki, indiki dövrdə şagirdlər davranışlarına görə 2 qrupa bölünür: ibtidai sinif və ibtidai sinifdən yuxarı şagirdlər. Çünki ibtidai sinif şagirdləri məktəbə, sinifə, elmə adaptasiya olan uşaqlardır. Ancaq ibtidai sinifdən sonrakı şagirdlər isə həyatın, müəllimin necə varlıq olduğunu dərk edərək addımlamağa başlayırlar. İbtidai sinifdə şagird davranışlarına valideynlərin olduğu qədər müəllimlərin də təsiri böyükdür. Çünki bu zamanlarda müəllim anlayışı güclü olmayan şagirdlər  müəllimin kim olduğunu, onlara nələr öyrətdiyini, necə insan olduğunu öyrənməyə başlayırlar. Yəni ibtidai sinifdə oxuyan şagirdlər davranış qaydalarını öncə evdə, sonra isə məktəbdə öyrənirlər. Müəllimlər mümkün qədər uşaqların diqqətini, sevgisini qazanmalıdırlar".

 

Psixoloq uşaqların həyatında  müəllimlərlə yanaşı, valideynlərin də rolunu vurğulayıb. O deyir ki, valideynlər isə şagirdlərə məktəbdə davranışı başa salmalıdırlar.

 

"Müəllim əgər yanlış  davranarsa, bu uşaqlara ciddi təsir edə bilər, bu zaman valideyn müəllimlə danışmadan öncə  övladıyla danışmalı, ona doğruları başa salmalıdır, daha sonra müəllimə bildirməlidir.


İbtidai sinifdən sonrakı dövrdə isə müəllimlərdən çox valideynin üzərinə öhdəlik düşür.  Onlar övladlarına nəzər yetirməlidirlər, ancaq övladının hər nə olur olsun "haqlarını" qorumağı mənfi şəkildə aşılamamalıdırlar. Yəni valideynlər övladlarına "müəllimin sənə irad bildirməsinə, söz deməsinə icazə vermə" deməklə müəllimin haqqını tapdalayırlar. Təbii ki, burada müəllimin tələbi də nəzərə alınmalıdır".

 

Sosial şəbəkələrin şagirdlərə təsirindən də  diqqətə çatdıran Nabat Mirzəyeva bildirib ki, indiki dövrdə uşaqlara valideynlərdən daha çox sosial şəbəkələr təsir edir, buna görə də valideynlər uşaqlarına sosial şəbəkələrin ötürdüyü mənfiləri başa salmalıdırlar.

 

"Günümüzdə şagirdlər çox aqressiv, şiddətə meyillidirlər. Yenə qeyd edim ki, buna sosial şəbəkələr, orada gördüklərini təbliğ etməyə çalışmaq, valideynlərin bunun qarşısını ala bilməmələri və ya dəstəkləmələri təsir edir. Məktəblərdə baş verən qayda-qanun pozulmaları, müəllimlərə qarşı hörmətsizlik, məktəb ləvazimatlarına, partalara, stullara zərər vurulması,  qırıcı hərəkətlərin baş verməsi, yeniyetmələrin üzərində soyuq silahların gəzdirilməsi məktəbə uyğun davranışlar deyil. Bu halların tənzimlənməsi üçün məktəblərdə psixoloqlar mümkün qədər təlimlər, seminarlar keçirməli valideynlərlə söhbət aparılmalı, müəllimlər aylıq olaraq, xüsusilə, yuxarı sinif   valideynləriylə iclas etməli,  hansısa şagirddə anormal hərəkət müşahidə etdikdə valideynə müraciət etməli, valideyn isə o  hərəkətin qarşısını almağa çalışmalıdır. Məktəblərdə psixoloji seminarlar, söhbətlər olunmalıdır".

 

 

Nəzrin Mirzəyeva