"Bu sahədə xeyli boşluqlar var"-SOSİOLOQ RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 17:58 06.03.2024

Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlillik bir şəxsin xüsusiyyəti deyil, bu daha çox sosial mühit tərəfindən yaradılmış şəraitin mürəkkəb bir toplusudur.

 

Bu barədə "İnformator.az"a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, əlilliyi olan insanların üzləşdiyi 3 əsas problem mövcuddur:

 

"Əlil olanların fiziki imkanlarının məhdudluğu-Əlilliyi olan şəxsin hər hansı bir orqanında fəaliyyət məhdudluğu var. Əlil şəxslər bu məhdudiyyəti aradan götürmək üçün həmin orqanını digərləri ilə əvəz edir. İnsan iradəsi ilə özünün fiziki çatışmazlığını bərpa edir.

Ölkədəki sosial siyasətdə, humanitar siyasətdə olan boşluqlar-Onuda qeyd edim ki bu sahədə avropa ölkələrdən müəyyən qədər inkişaf var. Əlillərə kömək etməklə sosial siyasətdə müəyyən dəyişikliklər baş verir. Qabaqcıl ölkələrin təcrübəsi onu göstərir ki, cəmiyyət bu sahədə mükəmməl bir siyasət yaratmağa borcludur. Bu əlillərə xeyli kömək edir(nəqliyyat vasitəsindən istifadə edərkən, yeraltı keçidlərdən keçməkdə və.s.).

Əhalinin əlillərə olan münasibəti-İnsanların əlillərə olan münasibəti hələ də arzuolunan səviyyədə deyil. Əlillərin qayğısına qalmamaq, əlillərin cəmiyyətdə özünü narahat hiss etməsi bunlar bizim əlillərə qarşı olan ayrı-seçkiliyimizdir. Çalışmalıyıq ki, əlillərə qarşı qayğı ilə yanaşaq, onları fiziki qüsurlarına görə cəmiyyətdən kənarlaşdırmayaq. Cəmiyyətdə əlillərin qarşılaşdığı problemləri indi müəyyən qədər həll etmək olur".

 

Sosioloqun sözlərinə görə, əlillər arasında sorğu keçirsək, onda görəcəyik ki, bu sahədə xeyli boşluqlar var:

 

"İndiki cəmiyyətdə hər bir məhəllədə sahə müvəkilli, polis müvəkkili olduğu kimi hər bir məhəllədə sosial iş xidmətimiz olmalıdır. "Sosial iş xidməti" işçiləri öz sahəsindəki başqa sosial problemləri də nəzarət altında saxlayacaq. Eyni zamanda əlillər haqqında geniş məlumatları olacaq və əlillərə yaxından kömək edəcək. Əlillərin yol problemlərini, hüquqi məsələlərini bir sözlə bütün problemlərini həll edə biləcək bir sosial iş xidməti və bu xidmətin ətrafında toplaşan könüllülər var. Cəmiyyətimiz əlillərə dəstək olur, lakin kifayət qədər deyil. Bu səbəbdən də sosial iş xidmətinin yaranması bir zərurətdir. Sosial iş xidmətinin işçiləri əlillər arasında müəyyən sorğular keçirə bilər, onların rəylərini, təkliflərini də öyrənib cəmiyyətə təqdim edə bilər, qanunvericiliklə bağlı qurumlara və yaxud hökümətin başqa qollarına təqdim edə bilər. Bu gün "SOSİAL İŞ XİDMƏTİ" nə çox böyük ehtiyac var".

 

Elnarə İslamova