Azərbaycanda elektron resept tətbiq olunacaq

Bölmə: Sosial › ,
Tarix: 20:27 05.03.2024

Azərbaycanda dərman vasitələrinin, reseptlərin elektron formada yazılmasına imkan verən "Elektron resept" sisteminə keçmək nəzərdə tutulur. 

 

Bəs Elektron resept nədir, ondan necə istifadə edilir? Elektron reseptə keçməkdə məqsəd nədir ? Elektron resept sisteminin hansı üstünlükləri var?

 

 

Mövzu ilə əlaqədar "İnformator.az" Səhiyyə Nazirliyindən açıqlama alıb.

 

" Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. “Elektron resept” sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, “Elektron resept” sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək.

Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək.

Elektron Resept sisteminin tətbiqi bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq".