Oyuncaqların uşaq psixologiyasına təsirləri -Açıqlama

Bölmə: Sosial › ,
Tarix: 21:44 06.03.2024

Uşaqların əvəzedilməzləri olan oyuncaqlar onların psixologiyasına böyük təsir göstərir. Çoxlarımız ticarət obyektlərində qeyri-adi formalarda olan uşaq oyuncaqları ilə rastlaşıb.

 

Bu mövzu ilə bağlı "informator.az"a açıqlamsında uşaq və yeniyetmə psixoloqu Gülsənəm Vahid bildirib ki, uşağın daxili aləmini kəşf etmək, maraq və bacarıqlarını dəstəkləmək üçün oyun seçiminə önəm verilməlidir:

 

"Yetişkinlər ətrafda olanları təcrübə edərək, araşdıraraq, öyrənirirsə, eləcə də uşaqlar oyuncaqlar vasitəsilə ətrafı öyrənməyə çalışırlar. Oyuncaqlar uşaqların fiziki, psixi, sosial inkişafını dəstəkləyir. Valideynlərin diqqət etməli olduğu bir nüans isə uşağın inkişafını dəstəkləməyən bahalı və göstərişli oyuncaqlar əvəzinə, onların yaşına və inkişaf səviyyəsinə uyğun olan oyuncaqların seçilməsidir. Bir çox hallarda valideynlər düşünürlər ki, uşağın nə qədər çox oyuncağı olarsa, bu onun inkişafına müsbət təsir edəcək, amma belə deyil. Hər uşaq qorxuducu oyuncaqlardan fərdi inkişaf xüsusiyyətlərinə görə fərqli formada təsirlənir. Uşaqlar üçün hazırlanan və satışda olan qorxulu oyuncaqların uşaqların yaş dövrlərinə uyğun olmayan qorxu filmlərindən heç bir fərqi yoxdur. 6 yaşına kimi uşaqlarda mücərrədlik anlayışı yoxdur və onlar ətraflarında gördükləri hər bir şeyi konkret olaraq qəbul edirlər. Bu səbəbdən də qorxulu oyuncaqların uşaq psixologiyasına necə təsir etdiyini nəzərə almalıyıq".

 

Psixoloqun sözlərinə görə, uşaqlar qorxu mənbəyinə nə qədər çox məruz qalarlarsa, o qədər də çox təsirlənəcəklər:

 

"Uşağa oyuncaq seçərkən məqsəd oyuncağın uşağı əyləndirmək, yaradıcı təfəkkür, təxəyyülünü inkişaf etdirmək, öz emosiyaları və daxili dünyasını kəşf etdirmək, koqnitiv və sosial bacarıqlarını artırmaqdan ibarətdir. Uşaqda qorxu, təşviş yaradacaq oyuncaqlara uşağı məruz buraxmaq isə düzgün deyil. Qorxulu oyuncaqlar övladınızı narahat etmirsə də, sonrakı dövrlərdə uşaqlarınızda təşviş, gecə qorxuları, tək qalmaqla, yuxuya getməklə bağlı çətinliklər, özgüvən əskikliyi, həm özünə, həm də sizə qarşı aqressiv davranışlar göstərməsinə səbəb olacaq. Oyuncaqlar uşağın əlaqə qurduğu, dəyər verdiyi və dostluq qurduğu obyektlərdir:

 

• Oyuncaq uşağın yaşına, hazırdakı inkişaf səviyyəsinə uyğun olmalıdır.

• Oyuncaq uşaqda maraq oyandırmalı, yaradıcılığını və təxəyyülünü inkişaf etdirməlidir.

• Oyuncaq uşaqlar üçün hər hansı təhlükə mənbəyi olmamalıdır, məsələn, çox kəskin, iti və ya kiçik hissələrdən ibarət olan oyuncaq olmaması daha məqsədə uyğundur.

• Oyuncaq alarkən cinsi ayrı-seçkiliyə yol verilməməlidir. Əgər oğlan uşağı qız, qız uşağı oğlan oyuncağı ilə oynamaq istəyirsə, buna icazə verilməlidir.

• Oyuncaq uşağın koqnitiv, fiziki, emosional inkişafına dəstək olmalı, kiçik və böyük motorikanı inkişaf etdirməli, say, rəng, forma və həcm anlayışlarını öyrətməlidir".

 

 

 

Asiman Hafizqızı