Xaricdə təhsil almaq üçün diqqət edilməli məqamlar -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 23:06 06.03.2024
Xaricdə, Almaniyada təhsil almaq bir çox insanın arzusudur. Lakin bu arzuya çatmaq üçün bir çox tələblər mövcuddur.
Bəs bu zaman hansı məqamlara diqqət etməliyik?
Bu barədə elm və təhsil eksperti Kamran Əsədov "informator.az"a açıqlamasında məsələ ilə bağlı çox vacib 2 məqamın olduğunu bildirib:
"Hazırda dünyanın müxtəlif ölkələrində xaricdən gələn həm ödənişli, həm də ödənişsiz əsaslarla qəbul olan tələbələr üçün bir neçə tələblər var ki, xüsusilə, 2 məqam diqqəti çəkir:
Xarici ölkədən gələn tələbə təhsil alacağı ölkənin dilini minimum səviyyədə bilməlidir. Bu, ona görədir ki, o cəmiyyətdə gündəlik kommunikativ bacarıqları qura bilsin.
Digər tələb isə, ali təhsil müəssisəsinin dili ilə bağlıdır. Məsələn, Almaniyada təhsil almaq üçün xarici ölkə vətəndaşları alman dilini bilərlərsə, onlar ödənişsiz təhsil alarlar. Demək olar ki, bir çox dövlət və universitetlər alman dilini bilən və C1 dərəcəli sertifikatı olan xarici ölkə vətəndaşlarından təhsil haqqı almırlar, hətta təqaüdlərə cəlb edirlər. Lakin bütün dünya ölkələrində tədris ana dilləri ilə yanaşı, ingilis dilində də var. Bu dildə C1, yaxud digər yuxarı səviyyəli imtahan nəticələri olan şəxslər təhsillərini oxuduqları ölkədə davam etdirə bilərlər. İngilis dilini bilmək həmin ölkələrdə ən nüfuzlu, dünya reytinqində olan universitetlərində təhsil almağa imkan verir".
Ekspert ingilis dili ilə yanaşı alman dilinin önəmini bir daha bu cür izah edib:
"Alman dilini bilsələr həmin ölkədə hətta tibb və müasir dövrün trend olan bir sıra ixtisaslarında ödənişsiz təhsil alma imkanları var. İngilis dili üzrə bilənlər isə, dövlət proqramı çərçivəsində Almaniyada, yaxud digər Avropa ölkələrində təhsil almaq imkanına malikdirlər. Almaniyada oxumağa gedən gənclər təkcə ingilis dilini bilirlərsə, bu onlar üçün yetərli deyil, ən azından, B1 səviyyəsində alman dilini də bilməlidirlər ki, onlara təhsil vizası, təhsillərini davam etdirmələrinə icazə verilsin. Qəbul üçün ingilis dilindən C1 səviyyəli sertifikatları yetərlidir, yaşamaq üçün isə alman dili lazımdır".
Aydan Qasımova