“Olimpiadalar Azərbaycan təhsilində yeni rəqabət mühiti yaradır“-Ekspert Rəyi

Bölmə: Sosial › ,
Tarix: 19:12 07.03.2024

Hər il məktəblilər arası beynəlxalq fənn olimpiadaları keçirilir. Maraqlıdır, bu olimpiadalar şagirdlər üçün nələri vəd edir? Ümumiyyətlə, qazanılan nəticə şagirdlərin gələcək həyatına təsir edirmi? Bu mövzuda təhsil eksperti Kamran Əsədov fikirlərini “informator.az”a bölüşüb.

 

Kamran Əsədov vurğulayır ki, son üç il ərzində Azərbaycan tələbələrinin beynəlxalq olimpiadalarda kifayət qədər uğurlu nəticələrini müşahidə edirik. 

 

“Olimpiada təhsilin inkişafına çox böyük təsir edir. Həmçinin ölkənin beynəlxalq reytinqinə də ciddi şəkildə təsie edən amillərdən biridir. Bununla yanaşı, olimpiadalar beynəlxalq iqtisadi indeksə də, hazırkı dövrdə şagirdlərin ali təhsil müəssisələrinə qəbuluna da müsbət təsir edir”. 

 

Ekspert qeyd edir ki, 2018-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda keçirilən yerli fənn olimpiadaların qalibləri qalib gəldikləri ixtisas üzrə birbaşa ali təhsil müəssisəsinə qəbul olmaq imkanlarına malikdirlər. 

 

“Beynəlxalq fənn olimpiadaların qalibləri isə birbaşa istədikləri ixtisas üzrə ödənişsiz ali məktəblərə qalib olmaq imkanlarına malikdirlər. Həmçinin beynəlxalq olimpiadalar həmin ali təhsil müəssisələrinin reytinqinə də təsir edir”. 

 

Kamran Əsədov hesab edir ki, olimpiadalar Azərbaycan təhsilində yeni rəqabət mühiti yaradır. 

 

“Əvvəlki illərlə müqayisədə son on ildə olimpiadalar daha şəffaf, əlçatan, ədalətli keçirilir. İştirakçıların sayında da kəskin artım var. Nəticədə, beynəlxalq olimpidalar şagirdlərin həyatında müstəsna rol oynayır”.

 

Sayad Qoşnalıyeva