"Müəllimə hədiyyə vermək olar, amma..."-Ekspertdən ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 21:23 07.03.2024

Təhsil nazirliyinin İnsan resurslarının şöbə müdiri Eşqi Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə müraciət edib. O, hər hansısa neqativ hal yaşansa, qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. 

 

Bu barədə təhsil eksperti Elmin Nuri "İnformator.az"a açıqlamasında bildirib ki, məktəblərdə bu kimi halların azalmadığının şahidi oluruq:

 

"Hər il iki dəfə 5 oktyabr və 8 martda Elm və təhsil nazirliyi valideynlərə xəbərdarlıq edir. Amma nəticədə dəyişən heç nə yoxdur. Bu məsələnin ən başlıca səbəbi məktəblərdə fəaliyyət göstərən, işinin məzmunu o qədər də bilinməyən və yalnız müəllimlər və qadınlar günündə işini aktivləşdirən valideyn komitələridir. Valideyn komitələri öz votsap qruplarında canfəşanlıq edirlər və bu cür valideynlər imkan vermir ki, ünvanlanan müraciətlər öz müsbət əksini tapsın. Təbii ki, müəllimə hədiyyə vermək olar. Amma bu simvolik əhəmiyyət daşımalıdır. Hədiyyə səmimiyyət və mənəviyyat müstəvisindən çıxmamalıdır. Bu gün məktəbin, müəllimin işi şəxsiyyət yönümlü vətəndaş yetişdirməkdir. Odur ki, məsələylə bağlı daha ciddi addımlar atılmalıdır."

 

Ekspertin sözlərinə görə, valideynlər arasındakı hədiyyə rəqabətinin artması yolverilməzdir.

 

 

İlahə Həsənova