Məktəblərdə yeni sistem tətbiq olunacaq?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:25 07.03.2024

Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır. Həmçinin valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq. 

 

Mövzuyla bağlı təhsil eksperti Adil Vəliyev "informator.az"a açıqlama verib. Ekspert qeyd edir ki, rəqəmsal sistemin yaradılması ilə valideynlər övladlarının gündəlik olaraq dərsdə həm təlim-tərbiyə prosesinə, həm də dərsə hazırlıqlı olub-olmamasına nəzarət edə biləcəklər:

 

"Təhsil prosesində həm sənədləşmələr , həm tədris prosesinə aid olan bütün prosedurların hər biri elektron qaydada yerinə yetirilməlidir. Çünki biz inkişaf etməkdə olan ölkələrə baxdıqda hətta Azərbaycanda olan bəzi özəl məktəblərdə və universitetlərdə görürük ki, sənədləşmə və tədris prosesləri elektron qaydada həyata keçirilir. Kağızdan istifadə artıq minimuma endirilməlidir. Müəllim bir şagirdin dərsdəki aktivliyini yəni dərs oxumasını və iştirakını elektron qaydada sistemə yazmalıdır. Sözsüz ki, valideynlərində bu sistemə daxil olmasına icazə verilməlidir. Bu hazırda bizim gördüyümüz neqativ hadisələrə yəni şagirdlərin məktəblərdə etdikləri neqativ hallarada birbaşa müsbət təsir göstərəcək. Bu sistem vasitəsilə valideyn övladını daim nəzarətdə saxlayacaq. Əks halda indiki vəziyyətdə valideyn övladı haqqında məlumat əldə etmək üçün ya məktəbə gəlməlidir, ya da sosial platformalarda hər bir müəllimlə əlaqə saxlamalıdır".

 

Ekspert məsləhət görür ki, məktəblər rəqəmsal sistemin yaradılmasında bir sıra startap layihələr və ya özəl məktəblərdə və universitetlərdə hansı proqramlardan istifadə olunursa, əməkdaşlıq çərçivəsində həmin proqramlardan istifadə edilsin:

 

 "Rəqəmsal sistemin yaradılmasında bizim ölkəmiz geri qalıb. Bu prosedurun həyata keçirilməsi üçün startap layihələr və ya hazırda özəl məktəblərdə və universitetlərdə hansı proqramlardan istifadə olunursa həmin proqramlardan istifadə edilməsi təhsil sahəsində inkişafa səbəb olacaq".

 

 

Zeynəb Mustafazadə