Qəzalı binalarla bağlı qərar-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:34 07.03.2024
Bakı, Gəncə və Sumqayıtda qəzalı binaların yenilənməsi və təmiri üçün layihə hazırlanıb. Bu binalarla əlaqədar görüləcək işlərlə bağlı yaradılan işçi qrupu təkliflər hazırlayıb.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bununla bağlı "İnformator.az" a açıqlama edən əmlak eksperti Ramil Qasımzadənın sözlərinə görə, ümumiyyətlə, Bakıda qəzalı binaların sayı azdır, sadəcə istismar müddətini başa vurmuş binalar var ki, sayları çoxdur, ancaq ümumi olaraq yeni binalar üstünlük təşkil edir.
"Bakıda qəzalı olan binalar əsasən əsrin əvvəllərində tikilən 1-2, 2-3 mərtəbəli binalardır. Bunlar Bakının həm mərkəzi, həm də ətraf ərazilərində mövcuddur. Ancaq 4-5 mərtəbəli olan binalar var ki, bunlar istismar müddətini başa vurmuş binalardır. Qəzalı binaların yenilənməsi, təmiri ilə bağlı işlər davamlı olaraq görülür. Bəzi binalar var ki, arxitektur layihəli binalardır. Bu binaların sökülməsi məqsədəuyğun hesab edilmir, çünki həmin binalar tarixi ehtiva edir. Buna görə də onların bərpa edilməsi nəzərdə tutulur".
Müsahib sonda bildirir ki, qəzalı binalar yalnız arxitektur layihəli olmayan, vətəndaşlara yaşayış baxımından çətinlik törədən, təhlükəli olan binalardır.
Nəzrin Mirzəyeva