Hansı məktəblər bağlanıla və ya ləğv edilə bilər?-Açıqlama

Bölmə: Sosial › ,
Tarix: 23:20 07.03.2024

Gələn tədris ilində bəzi məktəblər birləşəcək və ya ləğv ediləcək.

Bu mövzu ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib ki, hazırda Azərbaycan Respublikasında 4432 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Onların az qismi 9-ci sinifə qədərdir, böyük qismi isə tam orta təhsildir.

"Məktəblərin birləşdirilməsi və ya ləğv edilməsi normal prosesdir. Bunun üçün müəyyən monitorinqlər aparılır və tədris davamiyyəti, şagird sayı, kadr sayı baxımından uyarlığı müəyyənləşdirilir. Şagird və müəllim heyəti böyük məktəblərə köçürülür. Bu cür hadisələr əvvəllərdə olub və olacaq. Məktəbin birləşdirilməsi struktur islahatı rolunu oynayır. Məktəbin müəllim və şagird heyəti olduğu kimi qalır, lakin öz funksiyasını itirib digər məktəbə tabe olur. Bu zaman şagird sıxlığına, müəllim transferinə səbəb olmur".

Təhsil ekspertinin sözlərinə görə, xüsusi kiçik məktəblər var ki, onlar ləğv olunur. Həmin məktəblərdə şagird sayı həddindən artıq azdır.

"Bu cür kiçik məktəblər əsasən ucqar rayonlarda və dağ kəndlərində olur. Həmin məktəblər ərazi intervalına görə digər məktəblərə birləşdirilir. Əsas təhsilin keyfiyyəti yüksək olsa, məktəblərin birləşdirilməsi və ya ləğv edilməsi tədris prosesinə ziyan vura bilməz".

 

 

Asiman Hafizqızı