Tələbə hansı hallarda universitetdən uzaqlaşdırıla bilər?
Bölmə: Sosial › ,Tarix: 14:15 11.03.2024
Tələbə adını qazanmaq kimi, məzun adını da qazanmaq zəhmət tələb edir.
Bəzən tələbə tədris ilini başa vurmadan təhsil aldığı müəssisədən kənarlaşdırılır.
Təhsil eksperti Sona Əliyeva qanuna əsaslanaraq bildirir ki, tələblər bu hallarda təhsil aldığı müəssisədən kənarlaşdırıla bilərlər:
- öz arzusu ilə;
-ali təhsil müəssisəsini dəyişdikdə;
- ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;
- səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;
- əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;
- əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;
- yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).
Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” qanunun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.
Asiman Hafizqızı