İnsanlar mənzil alarkən nələrə diqqət etməlidir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:44 11.03.2024

Bakıda mənzil qiymətlərinin ilin əvvəlindən bu günə qədər 10%-dən çox bahalaşdığı deyilir. Son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə 2-3 faiz artıb.

 

Bir tərəfdən bahalaşma, digər tərəfdən də vətəndaşlar ipoteka ilə ev almaqda çətinlik çəkirlər. Belə ki, vətəndaşlar ipoteka ilə ev almaq üçün sənədləşmələrlə bağlı süründürməçiliklə üzləşir, çıxılmaz vəziyyətə düşürlər. Odur ki, bir çox hallarda vətəndaşlar daxili kreditlə ev almağa üstünlük verirlər. Bu zaman isə illik kredit faizləri yüksək olur.

 

Bəs görəsən, daxili kreditlərin nə kimi riskləri var? İnsanlar nələrə diqqət etməlidirlər?

 

Bu haqda əmlak eksperti Elnur Fərzəliyev "informator.az"a açıqlamasında bildirib ki, uzun illərdir ki, ölkəmizin daşınmaz əmlak baxarında, xüsusən paytaxt Bakıda, Xırdalan, Sumqayıt şəhərlərində qiymət artımları baş verir: 

 

"Qiymət artımları daha çox 2023-cü ildə baş verdi, təkcə 2023-cü il ərzində bəzi əmlaklarda ortalama 20%-a kimi artım müşahidə edildi. Lakin 2023-cü ilin oktyabr ayından başlayaraq, əmlak bazarında qiymətlərlə bağlı olaraq ciddi bir müştəri qıtlığı yarandı. Bu prosess bir neçə ay davam etdi. Hazırda əmlak bazarında qiyməylər stabil olaraq qalıb lakin ipoteka kreditlərinin verilməsi səbəbindən bazarda yenidən canlanma baş verir və müştəri saylarında artım müşahidə olunur. Qiymətlər isə ötən ilin sonunda olan qiymətlərdir, hətta bir neçə ay müştəri qıtlığı səbəbindən cüzi də olsa, qiymətlərdə enmələr müşahidə olundu. Lakin evlərin ipotekaya verilməsi ilə qiymətlərin enməsinin və müştəri qıtlığının qarşısı alındı".

 

Ekspertin sözlərinə görə, qiymətlər kəskin baha olduğuna görə, vətəndaşlar daha çox kreditli şərtlərlə mənzil alırlar:

 

"Kreditli şərtlərə ipoteka kreditləri və bankdaxili kreditlər aiddir. Hətta bəzi tikinti şirkətləri daxili kreditlərlə də, mənzillər satırlar. Müxtəlif növ kreditli mənzillər satılarkən, əgər bu ipoteka və ya bankdaxili kreditdirsə, artıq bu əmlakların sənədləşməsində heç cür təhlükə baş vermir. Çünki, bu sənədləşmələrdə zamin tərəf bank olduğuna görə və həmin əmlak bankda girovda qaldığına görə, burda yalnız təhlükə o zaman yarana bilər ki, vətəndaş kreditdə müəyyən gecikmələr edərsə və ya krediti ödəyə bilməzsə, bir müddət sonra, xəbərdarlıqlar edilməyə başlanar və ardından həmin əmlak vətəndaşın əlindən çıxaraq hərrac vasitəsilə satıla bilər. Bu baxımdan, vətəndaşlar əmlak alarkən, mütləq şəkildə aylıq ödəyə biləcəkləri kreditlərə girməlidirlər. Vətəndaş aylıq əmək haqqısı qədər aylıq kredit ödəməli olarsa, onun hər hansı ailəvi/şəxsi bir problemi çıxan zaman, ödənişdə gecikmələr müşahidə olunacaq, vətəndaşlar bunları əvvəlcədən hesaba qatmalıdırlar. Ödəmə qabiliyyətini itirməyəcək, əlavə gəlir yerləri olan şəxslər bu kreditlərdən istifadə etsələr, daha yaxşı olar. Bəzi tikinti şirkətləri qısamüddətli faizsiz daxili kreditlə mənzil satırlar, lakin bankdaxili kreditlərin illik faiz dərəcəsi 9-14% arası dəyişir. Güzəştli kreditlərin illik faiz dərəcəsi 4%, adi ipoteka kreditlərinin isə 7-8% arasıdır. Bu isə vətəndaşın evin tam ödənişini bitirdikdən sonra, evi hardasa öz qiymətinin iki qatına almasına səbəb olur. Lakin, bu çox görsənsə də, bu ödənişin 20-25 ilə ödənildiyini nəzərə aldıqda, bu hal normaldır".

 

 

Gülay Qəribova