"Whatsapp plus" işlədənlər hansı təhlükələrlə ilə üz-üzədir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:24 11.03.2024
Son günlərdə "Whatsapp plus" istifadəçilərinə tətbiqi silib, rəsmi tətbiqi yükləmələri üçün bildirişlər gəlib və hətta bir çox "Whatsapp plus " hesabları bağlanıb. Bəs "Whatsapp plus" işlədənlər nə kimi təhlükə ilə üz-üzədir? "Whatsapp plus" üzərindən bank məlumatları ələ keçirilə bilərmi?
Mövzu ilə əlaqədar IT mütəxəssis Fərhad Mirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, "Whatsapp Plus" tətbiqi orijinal "Whatsapp" proqramının modifikasiya olunmuş formasıdır:
"Proqram təminatı "Whatsapp Plus" adlansa da "Whatsapp" tətbiqi ilə eyni deyil və Google, Play Market tərəfindən rəsmi olaraq tanınmır. Həvəskarların yaratdığı bu tətbiq, original "Whatsapp"-da olmayan bir sıra funksional imkanlara görə istifadəçilər arasında populyarlıq qazanıb".
Fərhad Mirəliyev bu cür modifikasiya olunmuş tətbiqlərin təhlükəsizlik riskləri necə qiymətləndirildiyi barədə məlumat verib:
"İlk olaraq diqqət yetirilməli məqam tətbiqin rəsmi tətbiqlər repozitoriyasında olmamasından dolayı kənar naməlum mənbələrdən quraşdırılması zərurətidir. Yəni, tətbiqi istifadə etmək istəyən istifadəçi onu axtarışa verir və çoxsaylı nəticələrdən birinə keçid edərək tətbiqi yükləyir. Burada ən böyük risk tətbiqin endirildiyi saytın təhlükəsizlik səviyyəsi haqqında sıfır məlumatın olmasıdır.
Həvəskarlar "Whatsapp Plus" tətbiqini hazırlayır və internetdə yayır. Həvəskar saytlar həmin tətbiqi istifadəçilərə əlçatan edir. Beləliklə, proqramın qeyri-leqal olması ilə yanaşı, son istifadəçiyə çatana qədər bir neçə mənbə dəyişməsi də risk yaradır. Beləki, "Whatsapp Plus" tətbiqinin həmin versiyası modifikasiya edilərək, gələcəkdə istifadəçiyə aid məlumatların kənar şəxslərə ötürülməsi riskini özündə saxlayır. Misal üçün, biz hər-hansı bir faylı göndərəndə həm "Whatsapp", həm də "Whatsapp Plus" tətbiqi bizə aid cihazın yaddaşına müraciət edir və həmin faylı serverə yükləyir. Orijinal versiyada bu əməliyyat bizim icazəmizlə ( ən azından rəsmi razılaşmaya görə) baş verirsə, qeyri-leqal tətbiqdə buna heç kim zamin dura bilməz. İndi təsəvvür edin ki, bu tip qeyri-leqal tətbiqlərin sizin cihazda daha nələrə çıxışı var? Ən azından görüntülü danışıq üçün istifadəçilər tərəfindən kamera və mikrofona çıxış verilir. Risklər ölçüyəgəlməz saydadır".
Mütəxəssis qeyri-leqal tətbiqdə olan dataların təhlükə daşıdığını bildirib:
"Whatsapp" tətbiqi server – klient texnologiyası əsasında çalışır. Yəni sizin məlumatlar, yazışmalar və s. Whatsapp tətbiqinə məxsus serverlərdə saxlanılır və cihazlar arasında sinxronlaşdırılır. "Whatsapp" leqal proqram təminatı olaraq bu dataların təhlükəsiz saxlandığına bizi əmin edir. İstifadəçi "Whatsapp Plus" tətbiqindən istifadə edən zaman isə, birbaşa "Whatsapp" serverləri ilə əlaqə qurmur, ortada "Whatsapp Plus" tətbiqinə məxsus digər serverlər də rol alır. Deməli, təhlükəsizlik ilə bağlı risklər artmış olur. Qeyri-leqal proqram təminatının tanınmamış serverləri vasitəsi ilə istifadəçi özünə aid şəkil, video, səs yazısı və mətn kimi dataları transfer edir. Bu dataların sonrakı emalı ciddi suallar doğurur".
Fərhad Mirəliyev " Whatsapp plus " vasitəsilə bank hesablarının ələ keçilməsi məsələsinə də aydınlıq gətirib:
"Vətəndaşlara aid bank kartlarından vəsaitlərin çəkilməsi ilə bağlı ehtimal olunan təhlükələrdən biri " Whatsapp plus" və "Whatsapp"-ın digər modifikasiyalarıdır. Lakin aparılan araşdırmalar əsasında real fakt olmadığı üçün bu barədə dəqiq bir söz demək olmaz. Zərərçəkmişlərə ünsiyyətdən sonra anlamaq olur ki, heç də bütün zərərçəkmişlərin telefonunda "Whatsapp plus" tətbiqi yoxdur. Deməli, artıq burada başqa bir məsələ var.
Yuxarıda qeyd olunanlardan nəticə olaraq demək istərdim ki, mütləq təhlükəsizlik qeyri-mümkündür, amma təhlükəsizlik ilə bağlı riskləri idarə etməyi hər bir istifadəçi öyrənməlidir".
Aydan İsayeva