Bu metroya avtomobillərin girişi niyə ləğv olundu?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:55 11.03.2024

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan 28 May metro stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq. 

 

Bu qərar nələri dəyişəcək?

 

Məsələ ilə bağlı “informator.az”a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirir ki, bu xəbər bir tərəfdən yaxşı, digər tərəfdən pis olacaq:

 

"Yaxşı cəhət odur ki, 28 May, vağzal ərazisinə şəxsi avtomobillərin buraxılmaması avtobusların sərbəst hərəkətinə kömək edəcək. Amma bir məsələ var ki, vağzala gələn insanlar ağır yüklü çantalarla gəlir. Onları buraxmamaları mümkün deyil. Ola bilsin ki, bir müddət qərar belə olsun. 

 

Dünyanın hər bir yerində dəmiryol olsun, hava limanı olsun böyük çantalarla buraxılmaması qeyri mümkündür. Taksilərə 15 dəqiqə icazə verilməlidir. Giriş, çıxış, sərnişin və yüklərin düşürdülüb, mindirilməsi üçün yol verilməlidir. Orda bir neçə pullu parkinq var ki, avtomobilləri günlərlə saxlayırlar. Bu da vağzalın ərazisində hərəkətə mane olur. Bu parkinqlərin yığışdırılması, şəxsi avtomobillərin buraxılmaması yaxşı cəhətdir".

 

 

Ekspert vurğulayır ki, vağzalın digər tərəfindən də ora giriş var. Yəqin düşünülüb ki, avtomobillər dəmir yoluna yaxın ərazidə ora girsin, çıxsın. Amma ora çox insan axını olsa, yenə də tıxac əmələ gələcək:

 

"Əslində bunu belə etmək daha yaxşı olardı ki, bir tərəfdən giriş, digər tərəfdən çıxış olsun. Giriş oldusa 15 dəqiqəyə oranı tərk etməsə cərimə olsun. Dayanma-durmada da belə bir qərar var ki, hər bir yerdə 15 dəqiqə pulsuzdur. 15 dəqiqə bəs edir. Amma tam bağlamaq reallığa uyğun gəlməyəcək. O ərazidən uzaqlaşdırılan  avtomobillər ətraf küçələrdə tıxac yaradacaq. Əlbətdəki insan yönümlü şəhərdə ərazilərin çoxalması piyadalar üçün əlverişlidir. Ancaq yaxşı və pis tərəfləri də nəzərə alınmalıdır. Şəhərin ən sıx ərazisi beynəlxalq dəmir yoluna gələn və gedən sərnişinləri nəzərə alıb  giriş və çıxışı məhdudlaşdırmaq əvəzinə, bir tərəfdə avtobuslar üçün zolaqlar, digər tərəfdə isə taksilərin sərnişinləri düşürdüb mindirmək üçün dayanacaqlar yaratmaq daha məqsədəuyğun olardı''.

 

 

Gülnisə Əfkari