11 ayın sultanı - Ramazanın fəzilətləri-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 14:06 12.03.2024
Mart ayının 11-dən etibarən müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlayıb.
Bəs Ramazanın fəzilətləri nələrdir?
Oruc tutan insan nələrə əməl etməlidir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında İlahiyyatçı Ağa Hacıbəyli Ramazan ayı barədə məlumat verib:
"Məlum olduğu kimi, səmavi kitablar deyə 4 böyük kitab var. Bütün o kitabların hər birinin inancımıza görə hər birisi Ramazan ayında yer üzərinə endirilib, peyğəmbərlərə çatdırılıb. Bu göy üzü ilə yer üzünün rəhmət baxımından birləşməsini ifadə edir. Bu baxımdan Ramazan ayı 11 ayın içərisində önəm qazanıb. Ancaq bunun daha açıq açıqlaması Qurani Kərimdə Ramazan ayının adının xüsusi vurğulanması, yeganə ay olaraq adının çəkilməsidir.
Ramazan ayı üzərində həmdə Qədir gecəsini daşıyır. Bir aydan daha xeyirli bir gecədən bəhs olunur. Bu da Qurani-Kərimdə sabit bir həqiqətdən ibarətdir. Eyni zamanda Ramazan ayı həmdə, fəthlərin, zəfərlərin ayıdır. Bədrin zəfəri Ramazan ayında gerçəkləşib, Uhud savaşının böyük hazırlığı Ramazan ayı içərisində gerçəkləşib, həm də Məkkə kimi böyük bir fəth hadisəsi Ramazan ayında gerçəkləşib. Ramazan ayı ağıla gələndə həm Quranın ayı, həm də fəthlərin ayı kimi yada düşür. Digər tərəfdən böyük mübarizə və mücadilə insanın nəfsinə qarşı aparılan mübarizədir, bu da Oruc ayı olaraq bilinir".
İlahiyyatçı oruc tutan insanların nələrə əməl etməli olduğunu vurğulayıb:
"Təbiidir ki, oruc ən uzun zikirlərdən birisidir və gözəl niyyətlə başlayır.Təqribən 17-18 saat müddətində davam edir. Gün ərzində Oruc tutan şəxsin bir çox əməl etməli olduğu şərtlər var. Bu şərtlər zahiri şərtlərdir. Batilin şərtləri daha ağır və genişdir, çünki Batilin şərtləri içərisində insanın qəzəblənməməsi, başqasına iftira atmaması, qeybət etməməsi, söz daşımamalı, göz nəfsinə hakim olmalıdır. Daha bir tərəfdə isə, insan öz ağlına, ruhuna, xəyallarına orucu tutdurmalıdır və bu baxımdan oruc 3 daxili və batili hissəyə bölünür: Mədə orucu, əzələrin orucu və qəlbin orucu deyə buyrulub.
Eyni zamanda Oruc tutan insan gərək qırdığı qəlbləri bərpa etsin, halallıq alsın, qul haqqına giribsə özünü bağışlatsın, həm Allaha tövbə etsin, haqq aldığı insan varsa haqqını geri qaytarsın. Beləcə, Allahın o böyük hörmətinə qarşı özünü mənən və ruhən ilahi ziyafətə hazırlasın".
Ağa Hacıbəyli orucun sağlamlığa faydalarından danışıb:
"1916-ci ildə Yesinori adlı, Yapon bir alim insan bədənini ac qoyduqdan sonra böyük sağlamlığa qovuşur bunu, tibb elminə sübut edib. Ümumiyyətlə dünyada müsəlmanların tutduğu oruca qarşı fərqli fikir formalaşıb,bir il boyunca bədənimizi çox bəsləyir, hər cür qidalarla təmin edirik. Ona görə də bədənimiz əcaib bir şəkildə toksinlər və piylərlə yüklənir və Ramazan ayı boyunca bir ay biz yenidən bədən islahatlarını qura bilərik. Başda qaraciyər olmaq şərti ilə bizim böyrəklərimiz eyni zamanda da vücudumuzda əmələ gəlmiş toksinlərin rahatca atılma vaxtıdır.
Peyğəmbər efəndimiz (s.ə.v) buyurub:
"Oruc tutun, sağlam olun".
Oruc bədənimizin zəkatıdır, həm də ibadətlər içərisində qalxan rolunu oynayır. Təqribən 10-12 saat içərisində oruc tutan adamın damarlarından qan alsanız onun nə qədər təmiz olduğunu görə bilərsiniz və bu proses 17-18 saata çatdığı zaman, bir ay boyunca gerçəkdən təmizlənmə prosesi baş verir. Buna görə də Oruc həm bədənimizin, həm də ruhumuzun təmizliyidir" .
Müsahibin sözlərinə görə, təmkinlə, səbirlə bu böyük ibadəti yerinə yetirmək lazımdır:
"Hər halda biz orucu yalnız səhhətimiz üçün deyil , savab qazanmaq üçün, ilahi əmr olduğu üçün yerinə yetirməliyik. Hikmətini tam anlaya bilmədiyimiz hökmü icra edirik ən doğrusu da budur ki, oruc tutan insanın ağzındakı qoxu, sevgili peyğəmbərimizin hədisində söylənir ki, Allah qatında müşkdən daha dəyərlidir.
Ramazan ayını daha bərəkətli yaşayaq, Quranın ayıdır, Quranın baharıdır. Ətrafımızdakı insanların dərdi ilə dərdlənək, gerçəkdən Qurani Kərimdə yalnız Allah və insan arasında olan münasibətləri tənzimləyən bir kitab deyil, eyni zamanda insan və insan, insan və kainat, insan və həyat arasındaki münasibətləri də tənzimləyir. Allah yer üzünün bütün müsəlmanlarından bu ibadəti qəbul etsin".
Tehran Yusifli