Məktəblərdə elektron jurnalın tətbiq olunmasının üstünlükləri -RƏY

Bölmə: Sosial › ,
Tarix: 14:23 12.03.2024

"Hazırda ölkənin 4432 orta və ümumtəhsil məktəblərində 1.6 milyon şagird təhsil alır və bu şagirdlərin qiymətləndirilməsi təəssüf ki, kağız daşıyıcılar üzərindən həyata keçirilir. Bir çox hallarda bu qiymətlərə kənar qüvvələrdən müdaxilə ola bilir".

 

Bu sözləri "informator.az"a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov söyləyib. Ekspertin fikrincə elektron qiymətləndirmə, qiymətləndirmədə əlçatanlığı və şəffaflığı təmin edir:

 

"2011-ci ildən etibarən təhsil sisteminin informasiyalaşdırılması və rəqəmsallaşdırılması istiqamətində sərəncamlar verilib və kifayət qədər layihələr həyata keçirilib. Bu ən vacib islahatlardan biridir. Azərbaycan təhsil sistemi Avropa təhsil sisteminə inteqrasiya edib və artıq Azərbaycan orta və ümumtəhsil məktəblərində şagirdlərin kompüterlə təminatında olduqca böyük irəliləyişlər var. Xüsusilə son 3 il ərzində həyata keçirilən islahatlar nəticəsində şagird başına düşən kompüter sayında olduqca irəli gedə bildik".

 

Kamran Əsədov elektron qiymətləndirmənin üstün cəhətlərindən də söz açıb:

 

"Qiymətləndirmənin rəqəmsallaşdırılması şagirdin qiymətləri ilə valideynin avtomatik məlumat ala bilməsi üçün əhəmiyyətlidir. Həmçinin hər hansı bir şagird təhsilini xaricdə davam etdirmək istəyəndə qiymətlərini rəqəmsal formada təqdim edə bilər. Təhsil sisteminin rəqəmsallaşdırılması, kağız israfını da azaldır. Eyni zamanda əlavə vaxt itkisinində qarşısını alır".

 

 

Fatimə Aslanova