"Yaşam koçları" kimdir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:26 12.03.2024
Günümüzdə “yaşam koçu” ifadəsinə sıx rast gəlirik. Son illərdə populyarlaşan sahə ilə yüzlərlə şəxs məşğul olur. Müxtəlif platformlarda özlərini “yaşam koçu” kimi təqdim edib, pul qarşılığında insanlara “doğru yol”u göstərən insanlar gündən-günə artır. Bu hadisə cəmiyyət üçün yeni anlayış olsa da, onlara müraciət edən az olmur.
Bəs özlərini bu cür təqdim edən şəxslər insanlar üçün hansı dərəcədə qəbul ediləndir ? Bu şəxslər kimdir ?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı "informator.az"a açıqlamasında bildirib ki, yaşam koçlarının insan həyatı ilə bağlı ən kiçik müdaxiləsi belə yolverilməzdir:
"İnsan niyə öz həyatını düzəltmək üçün başqasından pulla yardım almalıdır? İnsan üçün ən yaxşısını, insanın özündən və doğmalarından başqası bilə bilməz. Bu biznes maraqları üzərində yaradılmış suni peşə növüdür. Problemlərimiz varsa, biz bunu tibbi olaraq düzgün olan yerlərə müraciət edərək sağaltmalıyıq. Psixoloqlardan, psixoterapevtlərdən dəstək almaq düzgündür. Yaşam koçları müasir növ cadugərliklə məşğul olurlar desəm, yerinə düşər. Yaşam koçlarının bəziləri beş manatlıq pul qabını oxuyub üflədikləri üçün beş yüz manata satırlar, bu necə insanlara dəstək olmaqdır? Onlar insanları aldadır ki, bu yolla gəlirləriniz artacaq. Bəziləri geyim formaları seçir, bəziləri qidalanma ilə bağlı məsləhətlər verirlər. Yaşam koçu deyə bir anlayışa normal insanların ehtiyacı olmamalıdır. Həyatımızı qaydaya salmaqda çətinlik çəkiriksə, bunun üçün pəşəkarlara özümüzü həvalə etməliyik. Hansı sahənin mütəxəsssi olduğunu bilinməyən, ümumiyyətlə, mütəxəssis olub-olmadığı bilinməyən bu insanların köməyinə müraciət etməyimiz məntiqli deyil".
Müsahib qeyd edir ki, onların xüsusi məbləğ qarşılığında dəstəkçiləri də mövcuddur:
"Maratonlarına qoşulan insanların həyatında, güya ki, möcüzəvi şeylər baş verib. Onların "sehrli pulqabı"larını alanların əlinə külli miqdarda pul keçdiyi iddia olunur. Onların sosial media hesablarında belə şərhlər var və bu şərhlər pul qarşılığında yazdırılıb. Bunun məqsədi isə başqalarını daha tez tora salmaqdır. Yaşam koçlarının işi sadəcə olaraq insanları tələyə salmaqdır, onların tələsinə düşməməliyik".
Gülay Qəribova