"Azərbaycan xalqının gen hovuzu getdikcə daralır"-Deputat

Bölmə: Sosial › ,
Tarix: 21:54 12.03.2024

Ölkəmizdə əmi, xala uşaqları kimi ikinci və üçüncü dərəcəli qohumlar arasında evlilik qadağan oluna bilər.

Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov “Qohum nikahları” ilə bağlı  ictimai müzakirədə bildirib.

 

O qeyd edib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.

 

“Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir”, – Rüstəm Qasımov bildirib.

 

Sözügedən məsələ ilə bağlı    "informator.az"a açıqlama edən  Milli Məclisin üzvü Hikmət Babaoğlu qeyd edir ki,  evlilik hər bir şəxsin öz hüququ və qərarıdır. Ancaq  əgər bir xalqın genefondu təhdidlə üzləşirsə, dövlətin müəyyən institutları  təhdiddən xilas olmaq üçün bu istiqamətdə qərarlar qəbul etməyə məcbur qalır.

 

"Fakt budur ki, Azərbaycan xalqının gen hovuzu getdikcə daralır.  Xüsusilə, indiki dövrdə  millət olaraq sağlamlığımızı təhdid edən problemlərin böyük qismi də bununla bağlıdır.  Belə olduqda isə yeni nəslin sağlamlıq problemi yaranır.  Qohum evlilikləri, hətta eyni  regiondan təkrar evlənmələr də gen hovuzumuzu daraldır,  müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də bu məsələ bu gün çox aktualdır.  Qohum evliliklərinin məhdudlaşdırılması ilə yanaşı, gen hovuzumuzun daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə oluna bilər. Bu sağlam nəslin yetişməsi üçün çox vacibdir. Ona görə də məsələyə bu konteksdən baxsaq, daha düzgün nəticəyə gələrik. Bu da millətimizin gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir".

 

 

Nəzrin Mirzəyeva