Azərbaycan və Qazaxıstan yükdaşımaların həcminin artırılmasını planlaşdırır

Bölmə: Sosial › ,
Tarix: 22:31 12.03.2024

Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində il ərzində yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Əvvəllər Çindən orta dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, artıq bu müddət 18 gün olacaq.

 

Azərbaycan Dəmir Yolları" QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov açıqlamasında bildirir ki, Azərbaycan Dəmir Yolları və Qazaxıstan Dəmir Yolları arasında aparılan birgə fəaliyyətin nəticəsi olaraq yükdaşımaların həcmində kifayət qədər artım müşahidə olunur. 

 

"Belə ki, ötən ilin analoji dövrü ilə bu ilin 2 ayını müqayisə etsək 25% yük daşımalarda artım müşahidə olunub və bu da o deməkdir ki, ümumilikdə 539 000 ton yük daşımasının həyata keçirilməsinə nail olduq. Bu logistik mərkəzin əsas hədəfi Azərbaycan və Qazaxıstan arasında yük dövriyyəsinin, yük həcminin artırılmasından ibarətdir və belə ki, qeyd olunan logistik mərkəz hər ay Çindən Azərbaycana 10 blok qatarın yollanılmasının təşkil edilməsini hədəfləyib". 

 

Həmçinin sözügedən marşrutlar vasitəsilə yük göndərən və yük alan tərəflərin öz sifarişlərini real vaxt rejimində izləyə bilmələri üçün yeni platforma yaradılıb. 

 

 

İqtisadçılar deyirlər ki, yüklərin daşınma xərcləri də azalacaq. 

 

İqtisadçı Fuad İbrahimov qeyd edir ki, öncədən Azərbaycana Çindən daşınan mallar gəmilər vasitəsilə Fars körfəzinə daxil olmaqla yüklərin daşınması təxminən 2 ay, 2 aydan da çox müddət tələb edirdi.

 

" Xəzər dənizində ən böyük ticarət donanmasının Azərbaycanda olması bu layihənin daha da şaxələnməsini və bu dediyimiz həcmlərin daha çox bu istiqamətdə yönəldilməsinə imkan yaradır. Çünki nəzərə almaq lazımdır ki, müasir dövrdə, müasir iqtisadiyyatda qiymət əmələ gəlmə prosesi ən önəmli bir göstəricilərdən biridir. Burada zamanla məhsulun tez daşınması əlbəttə ki,qiymət əmələ gəlmə prosesinə müsbət təsir edir". 

 

Bu tranzit nəqliyyat xəttinin intensivliyi artırılarsa gələcəkdə sahibkarlığın Azərbaycanda müəyyən qədər inkişafına əlverişli təkan verə bilər. 

 

 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Qazaxıstanın Logistika Mərkəzinin öz fəaliyyətini təkmilləşdirməsi bu istiqamətdə Azərbaycanlada əməkdaşlıq müqaviləsinin olması Azərbaycanın da tranzit daşımalardan daha çox fayda əldə etmək imkanını yaradır.

 

"Bu nəqliyyat dəhlizi imkan yaradır ki,azərbaycanlı sahibkarlar da müvafiq bazarlardan istehlak, idxal etdikləri məhsulları, xammalı daha az zaman sərf etməklə və eyni zamanda daha az xərclə ölkəyə çatdıra bilsinlər. İntensivlik artarsa, qatarların, vaqonların sayı çoxalarsa, bu yerli sahibkarlar, o cümlədən kiçik sahibkarlara xüsusilə də potensialdan istifadə imkanını artıracaq".

 

Beləliklə, bu Azərbaycanda yerli istehsalın maya dəyərinin aşağı düşməsinə və yaxud ölkəyə idxal edilən hazır məhsulların xərclərinin azalmasına, həmin məhsulların daxili bazarlarda daha optimal qiymətə satılması üçün şərait yarada bilər.