Avtomobil sürücüləri nələrə diqqət etməlidir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:49 13.03.2024

Son illər qazla işləyən avtomobillərin sayında artım müşahidə olunur. İstər qiymət, istərsə də sərfiyyat baxımından olduqca qənaətcil olan bu maşınlar bir çox alıcı üçün sərfəli hesab olunur. 

 

Lakin qazla çalışan mühərrikə malik avtomobillərdə partlayış və yanğın riskləri digərlərinə nisbətən qat-qat daha çoxdur. Texniki qulluq düzgün aparılmadıqda və nasazlıq meydana gəldikdə bu qəbildən olan avtomobillər sözün əsl mənasında potensial partlayıcıya çevirilir. Bəs, görəsən, qazla çalışan avtomobillərin sürücüləri nələrə diqqət etməlidir?  

 

Bu haqda nəqliyyat eksperti Aslan Əsədov "informator.az"a açıqlamasında az sərfiyyatlı olan yanacaq tipli nəqliyyat vasitələrinin istismarının labüd olduğunu bildirib:

 

"Son vaxtlar nəqliyyat vasitələrinin əsasən iqtisadi səmərəliliyi nəzərə alınır. Avtomobil bazarında ən çox ölçüyə malik olan orta büdcəli avtomobillərdir. Bu avtomobillərin qiyməti on beş minə qədərdir və əhalinin istifadəsində çoxluq təşkil edir. Bütün sürücülərə ən əsas maraqlı olan, avtomobilin iqtisadi cəhətdən sərfiyyatlarıdır. Sürücülər avtomobillərin texniki parametrlərini nəzarət altında saxlamalıdırlar və sızma, alışma kimi riskli situasiyalarla üzləşməmək üçün müəyyən qaydalara riayət etməlidirlər. Nəinki qazla çalışan avtomobil istifadəçiləri, ümumiyyətlə bütün sürücülər avtomobil idarə edərkən, öz məsuliyyətlərinin fərqində olmalıdırlar".

 

Ekspert əlavə edib ki, hər bir nəqliyyat vasitəsinin özünün texniki parametrlərinə uyğun kitabçası var:

 

"Sürücü nəqliyyat vasitəsini alarkən və istifadə müddətində həmin kitabda yazılanları diqqətdə saxlamalıdır. Bu kitabçalarda yazılanlar başqa dildə olarsa, internet resurslarından istifadə edərək, tərcümə vasitəsilə orada olan məlumatlara çatmaq mümkündür. Həmin kitabçaları oxumamaq üçün heç bir bəhanə, məsuliyyətsizliyi gizlədəcək qədər güclü deyil.

 

Statistik olaraq qazla çalışan avtomobillərin partlayış halına ölkəmizdə elə də rast gəlinmir, istismarı düzgün olmayan hər nəqliyyat vasitəsi partlaya, yana bilər və bu hal da sadəcə məsuliyyətsizliyin faciəvi göstəricisidir".

 

 

Gülay Qəribova