Qaranlığa qərq olan yollarımız-RƏYLƏR
Bölmə: Sosial › ,Tarix: 23:16 13.03.2024
Nəqliyyatla, yollarla bağlı problemlər bitmək bilmir. Bu dəfə haqqında danışacağımız problem yollardakı işıqlanma məsələsidir. Paytaxt daxilindəki bir çox yol və küçələrdə gecə olanda göz-gözü görmür. Sürücülərin işini çətinləşdirən bu problemi isə həll edəcək qurum tapılmır.
İşıqlandırmanın olmaması və görmə şəraitinin məhdudlaşması nəticədə qəzalara səbəb olur. Mütəxəsislər də deyir ki, qəzaların 70 faizə yaxını gecə saatlarında baş verir.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, avtomobil yollarında baş verən qəzaların biz özəyinə baxsaq, səbəbinə baxsaq görərik ki, əsasən sutkanın qaranlıq vaxtlarında piyadaların vurulması ilə və yaxud da nəqliyyat vasitələri qaranlıq vaxtlarda törətdiyi qəzalar daha çox olur. Bu mənada yolların işığlandırılması həmçinin qovşaqların, piyada keçidlərinin, döngələrin və sair işığlandırılması çox vacib şərtlərdəndir.
Yolların, küçələrin işıqlandırılması məsələsi vacib bir o qədər də aktual məsələ olduğu üçün hələ 2018-ci ildə dövlət proqramı qəbul olunub. Həmin sənədə əsasən 5 il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görülməli idi. Onlar arasında ən vacib müddəalardan biri işıqlandırma ilə bağlı olub. Yəni 2023-cü ilədək avtomobil yollarında süni işıqlandırma sistemləri, işıqqaytarıcı yol nişanları və vasitələr quraşdırılmalı idi. il olub 2024, amma zülmətə qərq olan küçələr aydınlanmayıb. Sözügedən məsələ ilə bağlı əvvəlcə Bakı şəhər icra hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər İşığı "Elektrik Şəbəkə Müəssisəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, müəssisə yalnız balansında olan küçələrin işıqlandırılmasını təmin edir. Və hazırda onların səlahiyyətində olan ərazilərdə problem mövcud deyil. Daha sonra Avtomobil Yolları Agentliyinə üz tutduq. Deyildi ki, avtomobil yollarının işıqlandırılması və dirəklərin quraşdırılması qurumun öhdəliyində deyil. Beləcə adıçəkilən və digər zülmətə qərq olan əraziləri hansı qurumun işqılandıracağı tapılmır.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, yolların işıqlandırılmasına məhsul qurumlar qeyri-müəyyəndir:
"Məsələn, Bakı şəhərində küçə və prospektlər AAYDA nın balansında olsa da küçə işıqlandırmasının kimin balansında olduğu aydın deyil və burda da əvvəlki ənənələrə baxsaq əslində bunlar Bakı şəhər İcra hakimiyyətinin balansında olmalıdı. Bəzi yerlər var baxırsan ki, bələdiyələrin balansındadı işığlandırma məsələsi. Ona görə də birincisi bu qeyri-müəyyənlik aradan qalxmalıdı. Birincisi kankret olaraq ən yaxşısı oduku yol kimin balansındadısa işığlandırma təsərüfatı da onun balansında olmalıdı, bütün yoldakı avadanlıqlar onun balansında olmalıdır".
Görünür sürücülər belə yollarda hələ bir müddət də avtomobillərini "Allah ümidinə" idarə etməli olacaqlar.